Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:40

'Rusiya olan yerdə sülhdən danışmaq mümkün deyil'


Rusiya sülhməramlıları
Rusiya sülhməramlıları

Ötən həftədən Ermənistanın Qarabağa göndərdiyi yük dolu maşınlar Laçın dəhlizinin girişində saxlanıb. Azərbaycan bu yükün göndərilməsini ərazi bütövlüyünə qəsd sayır. Ermənistan isə Laçın dəhlizinin bağlanaraq Qarabağın blokdaya alındığını bildirir və yüklərin humanitar məqsədlə göndərdiyini vurğulayır.

Yeri gəlmişkən, iyulun 30-da ABŞ Dövlət katibi Antoni Blinken də Azərbaycan Prezidenti İlham Əliyevə Dağlıq Qarabağdakı humanitar vəziyyətdən dərin narahatlığını bildirib.

Bəs görək Azərbaycanda necə hesab edirlər, bütün bunlar son illər iki ölkə arasında (həm Avropa İtiifaqının, həm də Rusiyanın vasitəçiliyi ilə) aparılan sülh danışıqlarına necə təsir edir?

Azərbaycan - 29 iyul, 2023
Azərbaycan - 29 iyul, 2023

Azərbaycan Milli Məclisinin üzvü Arzu Nağıyev hesab edir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasının uzanmasını istəyir. Onun fikrincə, "separatçıların təsiri və təkidi ilə hansısa beynəlxalq status məsələləri ortaya qoymaq istəyirlər: "Həmçinin, Qarabağda yaşayan ermənilərin humanitar təhlükə qarşısında olduğunu bütün dünyaya göstərməyə çalışırlar"

"Nə maraqları var ki, məhz Laçın yolundan keçməlidirlər?"

O, baş verənləri "siyasi şou" adlandırır: "Yardım avtomobillərini sərhədə gətirmək bunun tərkib hissəsidir. Halbuki, həmin avtomobillər buraxılacağı təqdirdə, yoxlanılmalı, sənədlər təqdim edilməlidir. Laçın yolunda isə Azərbaycanın gömrük və sərhəd buraxılış məntəqəsi var. Alternativ yol var, yəni Bərdə və Ağdam vasitəsilə yükləri daşımaq mümkündür, Bakı da Qırmızı Xaç Komitəsinə bu təklifi verib. Nə maraqları var ki, məhz Laçın yolundan keçməlidirlər?"

Arzu Nağıyev
Arzu Nağıyev

Onun iddasina görə, "separatçılar Rusiya sülhməramlılarını oyunlara daxil etmək məqsədi güdürlər":

"...Sülhməramlıların funksiyasına daxil deyil"

"Hələ ki, Rusiya təmkinlə yanaşır, bilirlər ki, onların əsas funksiyası tərəflər arasında sülhün bərqərar olunmasıdır. Yükün hardan keçməsi və buna görə tərəflərlərə təzyiq sülhməramlıların funksiyasına daxil deyil. Çünki hansısa təzyiq alətindən istifadə etsələr, qarşılarında Azərbaycan ordusunu görəcəklər".

Bəs gərginliyi necə aradan qaldırmaq olar?

Deputat hesab edir ki, gərginliyin aradan qaldırılması üçün danışıqlar olmalıdır: "Beynəlxalq qanunlara uyğun olaraq avtomobillər yoxlanılmalıdır. Əgər humanitar problem varsa, Azərbaycanın razılığı ilə həyata keçirilməlidir. Əks halda, həmin avtomobillərin orda dayanması təzyiq mexanizmidir, çıxış yolu Bakıyla razılaşmaqdır".

"Sülh prosesi deyilən bir şey yoxdur, imitasiya var"

Keçmiş səfir Arif Məmmədov isə Azadlıq Radiosuna mövzu ilə bağlı deyib ki, əslində indi sülh prosesi deyilən bir şey yoxdur, imitasiya var, hər iki tərəf vaxt udmağa çalışır:

"Xüsusilə Rusiya olan yerdə sülhdən danışmaq mümkün deyil. Əlbəttə, ərazi bütövlüyünün tanınması açıqlamasından sonra bir sıra addımlar atıla bilərdi. Məsələn, Nikol Paşinyanın məlum açıqlamasından sonra Azərbaycan analoji açıqlama verməyib. Rusiya da hər iki ölkədədaxili vəziyyəti yaxşı bildiyindən öz məqsədləri üçün istifadə edir".

Arif Məmmədov
Arif Məmmədov

Onun fikrincə, sadəcə, Rusiya bölgədə mövcudluğunu saxlamaq üçün müxtəlif yollara əl atır:

"Biz görürük ki, Brüssel və Vaşinqton görüşlərində müsbət mesajlar yoxdur, tərəflərin media qarşısına çıxıb xalqlara sülh mesajarı verdiyini görmürük. Bu da tərəflər arasında anlaşmanın olmadığını göstərir. Vasitəçilər isə prosesdə hansısa irəliləyişlərin əldə olunduğunu deyirlər. Diplomatiyada belə bir prinsip var, hər şey razılaşdırılmayana qədər nəyinsə razılaşdırıldığından danışmaq mümkün deyil."

Keçmiş səfirə görə, ən əsas məsələ ətrafında razılaşma yoxdur.

"Əgər biz onların Qarabağda yaşamasını istəyiriksə..."

Arif Məmmədov hesab edir ki, gərginlikdə problemlər aksentlərin düzgün qoyulmaması, Qarabağda yaşayan erməni icmasıyla yalnız təhdid dilindən istifadə edilməsidir: "Əgər biz onların Qarabağda yaşamasını istəyiriksə, bu mesajlar veriləndə, təhdid yox, hansısa addımlar atmalıyıq. Beynəlxalq praktikada yalnız “dəmir yumruq”dan istifadə etmək yoxdur. Əgər biz erməni azlığını qəbul ediriksə, onlara müsbət meesajlar verməliyik. Ona görə aksentləri, danışıq tonunu dəyişməliyik".

Keçmiş səfir diqqəti daxili məsələlərə də çəkib:

"Onlar da London İqtisad Universitetinin professorunun həbsini (bu günlər saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmada ittiham edilərk həbs olunan Qubad İbadoğlunu nəzərdə tutur), “Tərtər işi”indəki işgəncələri, jurnalistlərin həbsini, azadlıqların tam boğulmasını izləyirlər. Gərginlik də Əliyevin qəzəbli mesajlar verməsindədir".

Keçmiş səfirə görə, Prezident düşünür ki, daxildə istifadə etdiyi leksionu da beynəlxalq səviyyədə də təkrarlaya bilər:

"Beynəlxalq səviyyədə Əliyevin polisə verdiyi dəstəyi görəndə..."

"Beynəlxalq səviyyədə Əliyevin polisə verdiyi dəstəyi görəndə, Qarabağdakı ermənilərə dəstək də artır. Ona görə də təbliğatçıların xristian həmrəyliyi barədə dedikləri boş şeylərdir, yəni dini simpatiya yoxdur, ortada Kosova olayları var, bir daha deyirəm, yalnız leksion dəyişməlidir".

Rusiyanin mövqeyinə gəldikdə isə Məmmədovun fikrincə, bu ölkə vəziyyətdən yararlanır və Qarabağda fiziki mövcudluğu var. Ona görə gərginlikdən istifadə edib maraqlarına uyğun addımlar atır, məqsədi də gərginliyi saxlamaq və daha da alışdırmaqdır: "Ona görə Rusiyanın mövcudluğu olan yerdə uzunmüddətli sülhdən danışmaq olmaz. Əslində, 2020-ci ilin noyabr bəyanatı sülhə nail olmağı qeyri-mümkün edir."

Arif Məmmədov deyir ki, yalnız Rusiya qoşunları çıxacağı təqdirdə, nəsə etmək olar:

"Əslində, Bakı bu məsələdə dalana düşüb"

"Amma rusların 2025-ci ildə çıxmaq niyyətini görmürəm. Bəlkə də mövqelərinin daha da gücləndirilməsi üçün addımlar atılır. Yerevan isə kənara çəkilib, deyir ki, Azərbaycan Qarabağ erməniləri ilə danışsın. Əslində, Bakı bu məsələdə dalana düşüb. Necə ki, daxili siyasətdə sərt addımlarla dalana düşüb, eləcə də xarici siyasətdə də həmin vəziyyətdir."

Keçmiş səfir deyir ki, separatçılar da vəziyyəti qızışdırırlar, amma bundan adi insanlar da qorxurlar.

Onun fikrincə, ritorika dəyişməlidir: "Azərbaycan xalqı öz hökumətindən qorxur, nəinki digər azlıqlar. Ritorika dəyişməsə, heç nə mümkün deyil. Cəmiyyəti boğmaqla heç nəyə nail olmaq mümkün deyil. Bu mənada hökumətin dalana düşdüyünü deyirəm, burdan çıxmağın yolunu bilmirəm, Əliyev normal danışa bilən adama səlahiyyət verməlidir, başqa yol yoxdur. Çünki 60 yaşında insan bundan sonra dəyişə bilməz".

Rusiya rəsmiləri isə bir qayda olaraq iddia edirlər ki, onlar bölgədə münaqişənin dərinləşməsində yox sülhün bərqərar olunmasında maraqlıdırlar.

Xatırlatma

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir. Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir. Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu açıqlayıb. Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib. Ermənistan isə bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə ( ilkin olaraq 5 illik.Tərəflər etiraz etməsə müddət uzadila bilər) Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG