Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:47

Qırğızıstandakı bazadan müharibəyə göndərilən tıvalılar


Rusiyadakı türk xalqlarını Ukraynadakı müharibəyə belə aparırlar
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00

Rusiyadakı türk xalqlarını Ukraynadakı müharibəyə belə aparırlar

Rusiyanın ən yoxsul bölgələrindən biri olan Tıvada orta aylıq məvacib 200 dollar təşkil edir. Bu isə bir çox tıvalı üçün müqavilə ilə orduya yazılmağı cəlbedici edir

Qırğızıstanın şimalındakı Kant şəhərinin sakinləri son aylar burada yerləşən Rusiya hava bazasından yüzlərlə əsgərin Ukraynaya göndərildiyini deyirlər.

Bir sakin 2021-ci ildə, Rusiyanın Ukraynaya hücuma başlamasından cəmi bir neçə ay öncə Rusiyanın Tıva respublikasından 300 müqaviləli əsgərin Kant hava bazasına yerləşdirildiyini deyib.

"Ancaq Ukraynada müharibə başlayandan bəri biz onları burada görməmişik. Tıvalılardan biri bir dəfə mənə demişdi ki, onu müharibəyə göndərə bilərlər”, – həmin sakin deyib.

Azı bir neçə tıvalı həlak olub

AzadlıqRadiosu təhlükəsizlik səbəbindən müsahiblərinin adlarını açıqlamır.

Rusiya ordusu əsgərlərin Kantdan Ukraynaya göndərilməsi ilə bağlı hər hansı rəsmi bəyanat verməyib. Radio bununla bağlı hava bazasındakı Rusiya rəsmilərinə və Bişkekdəki Rusiya səfirliyinə müraciət etsə də suallarına cavab almayıb.

Ancaq Tıvada fəaliyyət göstərən bir QHT və bir əsgərin dul qalmış həyat yoldaşı naməlum sayda hərbçinin Kantdan Ukraynaya göndərildiyini, onlardan azı bir neçəsinin döyüşlərdə öldürüldüyünü təsdiqləyib.

Ukraynada döyüşməkdən imtina edən etnik tıvalıları dəstəkləyən “Novaya Tıva” adlı QHT 30 yaşlarında olan bir tıvalı əsgərin şəkillərini təqdim edib. Onların arasında Bişkekdə çəkilmiş bir foto da var. Şəkillərdən daha birininsə Kantda çəkildiyi güman olunur.

300-500 tıvalı

Kantdan Ukraynaya göndərilən tıvalıların dəqiq sayı bilinməsə də, yerli sakinlər müharibədən əvvəl hava bazasında 300 – 500 tıvalının olduğunu deyirlər.

“Novaya Tıva” isə bu yay azı 90 tıvalı əsgərin Qırğızıstandan Ukraynaya göndərildiyini deyir. Qrupun nümayəndəsi AzadlıqRadiosuna əsgərlərin Ukraynaya iki fərqli qrupda göndərildiyini bildirib. Onlardan azı 10 nəfərinin öldüyü təsdiqlənib. 20 nəfərininsə döyüşlərdə yaralandığı bildirilir. 30-dan çox tıvalı əsgər döyüşməkdən imtina edərək cəbhə xəttini tərk edib və evə qayıdıb.

Qırğızıstandan Ukraynaya göndərildiyi deyilən əsgərlər arasında etnik rusların olub-olmadığı bilinmir.

Ukrayna ordusu Rusiyayla sərhədə çatdı. Daha bir zərbəyə hazırlaşır
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

Boş çadırlar

Kant sakinlərinin sözlərinə görə, etnik tıvalılarla yerli qırğızlar yaxşı yola gedirmiş. Tıva və qırğız dillərində ümumi sözlər də çoxdur.

Tıvalı əsgərlər yerli sakinlərə orduya müqavilə ilə qoşulduqlarını deyiblər.

"Tıvalılar hava bazasının ərazisində yerləşdirilsə də, onlar bazanın heyətinə daxil deyildi. Bazanın içində tıvalıların öz barakları, yeməkxana və ayaqyoluları var idi. Onların öz avadanlıqları və silahları da var idi", – başqa bir sakin deyir.

Hava bazası yaxınlığında yaşayan sakinlər tıvalı kontraktorların baza ərazisində qurulmuş ayrıca çadırlarda yaşadığını deyirlər.

“Google Earth Pro”dan götürülmüş, iyunda çəkilmiş şəkillərdən də baza ərazisində 10-12 çadırın olduğunu görmək olur. Ancaq sentyabrda bazaya gedən AzadlıqRadiosu müxbirləri həmin çadırların boş olduğunu görüblər.

Müqavilə nə vaxt ləğv olunur

Rusiyanın ən yoxsul bölgələrindən biri olan Tıvada orta aylıq məvacib 200 dollar təşkil edir. Bu isə bir çox tıvalı üçün müqavilə ilə orduya yazılmağı cəlbedici edir. Ancaq orduya yazılanlar müharibəyə getməyə razılıq verməyiblər.

“Novaya Tıva”nın nümayəndəsinin sözlərinə görə, Kantda xidmət edən bir tıvalı müqaviləli əsgər iyunun 21-də quruma müraciət edərək Ukraynaya getmək istəmədiyini deyib. Əsgər özü də daxil olmaqla bir neçə tıvalı əsgərin müqavilələrini ləğv etmək istədiyini bildirib. Ancaq komandirləri onları buraxmaqdan imtina edərək onlara müqaviləyə yalnız Ukraynaya getdikdən sonra xitam verilə biləcəyini deyib.

QHT əməkdaşı bir neçə tıvalı əsgərə istinadən AzadlıqRadiosuna bildirib ki, onlar ilkin olaraq Tıvanın paytaxtı Kızıl şəhərində 55-ci motoatıcı briqadada yerləşdirilibmiş. Ötən ilin noyabr-dekabrında isə Qırğızıstana göndəriliblər. Yayda ordu onları Ukraynaya göndərməyə başlayıb.

9 əsgər pasportunu ala bilib

QHT təmsilçisinin sözlərinə görə, hərbi komandanlıq müqaviləli əsgərlərin pasportlarını saxlayaraq geri qaytarmayıb. Ancaq doqquz tıvalı əsgər iyunun sonlarında sənədlərini geri ala bilib. Onlar komandirlərinə yalandan sənədlərini poçtdan bağlamalarını almaq üçün istədiklərini deyiblər.

Həmin əsgərlər sənədlərini götürən kimi dərhal Bişkek beynəlxalq hava limanından Rusiyaya uçan təyyarəyə minərək iyunun 29-da Tıvaya çatıblar.

Həmin gün onların bir neçə yoldaşının Ukraynanın Donbas bölgəsindəki Lısıçansk şəhərində öldürüldüyü deyilir.

2001-ci ildə Əfqanıstan hərbi kampaniyası çərçivəsində Bişkek yaxınlığında ABŞ hava bazası da yaradılmışdı. Ancaq 2014-cü ildə Qırğızıstan Rusiyanın təzyiqi ilə bu bazanı bağlamalı oldu.

XS
SM
MD
LG