Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:24

Zəlzələnin Türkiyə iqtisadiyyatına vurduğu ziyanın bərpası illər aparacaq


Hatay bölgəsinin Antakya şəhəri zəlzələdən sonra
Hatay bölgəsinin Antakya şəhəri zəlzələdən sonra

Fevralın 6-da Türkiyədə baş verən zəlzələ ölkənin 10 vilayətində böyük dağıntılar törədib. Ölkə statistika qurumunun bilgilərinə görə, zəlzələ ərazilərində toplam 13.5 milyon insan yaşayır. Bu, ölkə əhalisinin 15.7 faizi deməkdir. Dağıntılar nəticəsində minlərlə insan həyatını itirib. Dağılan bina sayı da minlərcədir. On minlərlə sakin çöküntülərin altında qalıb. Yaşanan humanitar faciəyə biganə qalınmayıb və 40-dan çox ölkə Türkiyəyə canlı qüvvə və yardım göndərib. Dağıntının miqyası böyükdür, yalnız yaşayış binaları deyil, xəstəxana və məktəblər, ictimai tikililər, yol və nəqliyyat infrastrukturları, iş yerləri də dağılıb.

Baş verən fəlakət təkcə insan itkiləri deyil, ciddi iqtisadi itkilər də doğurub. Ekspertlərin fikrincə, zəlzələnin ölkə iqtisadiyyatına təsirinin tam aradan qaldırılması illər çəkəcək. Unutmaq olmaz ki, Türkiyə iqtisadiyyatı onsuz da son illər o qədər də yaxşı günlər yaşamır. Bu baxımdan, zəlzələnin vurduğu zərər və bərpa prosesinə ayrılan xərclər ölkə iqtisadiyyatını daha çətin duruma sala bilər. Türkiyə hökuməti təcili yardım fəaliyyətinə, ilkin olaraq, 100 milyard türk lirəsi dəyərində büdcə ayırıb. Bu, təxminən 9 milyard manat vəsait deməkdir.

Bölgədə dağıntılar və qurtarma işləri hələ də sürdüyündən dəyən zərərin tam hesablanması indilik mümkün görünmür. Ancaq ilkin proqnozlar açıqlanıb. Ekspertlərin fikrincə, zəlzələ nəticəsində Türkiyədə ümumi daxili məhsulun (ÜDM) həcmində 0.6-2 faiz aralığında azalma baş verə bilər. İqtisadçılar bu rəqəmləri istehsalın 50 faiz azalacağı və bərpa prosesinin 6-12 ay davam edəcəyi ssenarisinə dayanaraq hesablayıblar.

Zəlzələnin əhatə dairəsini görməyə imkan verən göstəricilərdən biri də ölkədə tükədilən elektrik enerjisidir. Rəsmi açıqlamaya görə, zəlzələdən sonra Türkiyədə günlük elektrik enerjisi istehlakı ötən həftənin eyni günü ilə müqayisədə 11 faiz azalıb.

Ölkə iqtisadiyyatının 9.3 faizi bu bölgədə formalaşır

Rəsmi göstəricilərdən aydın olur ki, Türkiyədə ÜDM-in formalaşmasında zəlzələ bölgələrinin payı 9.3 faizdir. Müxtəlif sektorlarda bu göstərici daha yüksəkdir. Məsələn, kənd təsərrüfatı istehsalında zəlzələ baş verən bölgənin payı 14.3 faizdir. Başqa deyimlə, ölkədə yetişdirilən kənd təsərrüfatı məhsullarının, dəyər olaraq, 1/7-i bu 10 bölgənin payına düşür. Zəlzələ olan ərazilərin ölkə sənayesindəki payı isə 11.1 faizdir. Türkiyə iqtisadiyyatından ötrü önəmli sayılan turizm sektorunda isə bölgənin payı nisbətən az – 1 faizdir.

Ancaq ekspertlər düşünürlər ki, zəlzələ Türkiyənin bütün turizm sektoruna təsir göstərəcək, axı indiki yas ortamı üzündən yaxın dövrlərdə daha az sayda turist buraya gələcək. Bu baxımdan, zəlzələnin turizm sektoruna təsiri həmin bölgənin payından daha çox olacaq.

İxrac da azalacaq

Zəlzələ olan bölgələrin Türkiyənin ixracatındakı payı 8.5 faizdir. Ötən il Türkiyənin toplam ixracının 254 milyard dollar olduğu yada salınsa, söhbət, azı, 20 milyard dollardan gedir. Müqayisə üçün, bu, Azərbaycanın 2022-ci ildə neft satışından qazandığı gəlirdən daha böyük rəqəmdir. Ekspertlərin qənaətincə, 2023-cü ildə bölgənin toplam ixracında bir neçə milyard dollar dəyərində azalma baş verəcək.

Zəlzələ baş verən bölgələrdən ikisi – Qaziantəp və Hatay Türkiyənin ən çox ixrac gerçəkləşdirən ilk 10 bölgəsi arasındadır. Ötən il təkcə Qaziantəp bölgəsində ixrac göstəricisi 10.52 milyard dollar olub. Bu o deməkdir ki, Türkiyənin ixracatının 4.4 faizi yalnız Qaziantəp bölgəsinin payına düşür. Zəlzələnin ən çox zərər vurduğu yerlərdən olan Hatayda isə ötən il 3.56 milyard dollarlıq ixracat olub. Müqayisə üçün, həmin müddətdə Azərbaycan Respublikasının toplam neftdənkənar ixracatı daha az – 3 milyard dollardır. Zəlzələ bölgələrində yerləşən Adana və Qəhrəmanmaraşda da illik ixrac 1 milyard dolları aşır.

Zəlzələ valyuta bazarına da təsir edib

Ölkədə baş verən zəlzələdən sonra türk lirəsi də dəyərsizləşib və dollar önündə yeni antirekord qeydə alınıb. Hazırda Türkiyədə 1 dollar 18.83 lirədir. İqtisadi gözləntilərin pisləşməsi ölkənin qiymətli kağızlar bazarına da mənfi təsir göstərib. Səhmləri İstanbul birjasında emissiya edilən ən böyük 100 şirkətdən 84-ü zəlzələdən sonra dəyər itirib.

Zəlzələ ölkənin logistika infrastrukturlarının fəaliyyətində də dayanmalara səbəb olub. Türkiyənin əsas neft ixrac məntəqəsi və Azərbaycan neftinin də Avropaya açılan qapısı sayılan Adanadakı Ceyhan limanında zəlzələ üzündən əməliyyatlar dayandırılıb. Azərbaycanla yanaşı, İraq nefti də buradan ixrac edilir. Bölgənin digər vacib logistika mərkəzi İskəndərun limanında isə zəlzələ yanğın törədib və bu üzdən limanın fəaliyyəti dayandırılıb.

XS
SM
MD
LG