Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:40

'Getmələri Rusiyanın xoşuna gəlməyəcəkdi…'


Ukrayna prezidenti Volodimir Zelenski və Azərbaycan prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin Moldova sammitində.
Ukrayna prezidenti Volodimir Zelenski və Azərbaycan prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin Moldova sammitində.

İyunun 15-i və16-da İsveçrədə Ukrayna sülh konfransı keçirildi. Konfransda Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevralından bəri davam edən müharibə ilə bağlı beynəlxalq hüquqa əsaslanan daimi sülhə çatmağın yolları müzakirə olundu. Konfransa 90-dan artıq ölkə qatılıb. Tədbirin sonunda Ukrayna üzrə beynəlxalq sülh konfransının yekun sənədini 78 iştirakçı ölkə dəstəkləyib.

Sənəd Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını birbaşa tələb etmir. Lakin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində istənilən dövlətin, o cümlədən Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməyin zəruriliyindən bəhs olunur.

Konfransa Rusiya dəvət edilməmişdi. Üstəlik, bir çox ölkələr, o cümlədən Azərbaycan konfransa dəvət olunsa da, ora qatılmayıblar.

Konfrans başlamazdan bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynanın ərazisinin bir hissəsindən imtina etməsini nəzərdə tutan sülh danışıqlarının başlanması üçün öz şərtlərini irəli sürmüşdü. Kiyevdə və Qərbdə onları sülh təklifi deyil, kapitulyasiya tələbi adlandırıblar.

"Təbliğat xarakter daşıyırdı"

Dəvətə baxmayaraq, Azərbaycanın konfransa qatılmamasına Azərbaycan Xarici İşlər Nazirliyi və Prezident Administrasiyasından münasibət almaq mümkün olmayıb.

Rasim Musabəyov
Rasim Musabəyov

Amma Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov "Turan"a bildirib ki, İsveçrədə olan tədbir təbliğat xarakter daşıyırdı: "Heç nə orada həll olunmurdu. Ancaq bu sammitdən əvvəl Berlində Ukraynanın iqtisadiyyatına yardım, bərpası ilə bağlı tədbirdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iştirak etmişdi".

Deputat qeyd edib ki, Azərbaycan bu şəkildə Ukraynaya dəstək verir: "İsveçrədəki sammitə Azərbaycanın qatılmaması Ukrayna ilə münasibətlərə təsir etməyəcək".

"Azərbaycan yerini artıq Rusiyanın yanında tutub"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə məsələ ilə bağlı bir qədər fərqli düşünür. O, AzadlıqRadiosuna bildirib ki, indi dünyada iki düşərgə arasında açıq rəqabət gedir: "Onlardan biri avtoritar düşərgədir, o biri isə demokratik. Bu rəqabət daha da dərinləşəcək və daha dəqiq konturlar alacaq".

Azər Qasımlı
Azər Qasımlı

Onun sözlərinə görə, sammitin keçirilməsi müəyyən bir göstərici idi: "Demokratik Qərb ölkələri orada iştirak etdilər. Onlar ya dövlət başçıları, ya nazirlər və ya da səfirlər səviyyəsində təmsil olunmuşdu. Azərbaycan isə bu tədbirdə, ümumiyyətlə, yox idi. Yəni, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan kimi avtoritar ölkələr kimi. Azərbaycan yerini artıq bu blokda, Rusiyanın yanında tutub və ora getmələri Rusiyanın xoşuna gəlməyəcəkdi. Məhz ona görə də belə qərar verilib".

İki il əvvəl, fevralın 22-də Moskvada Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin iki ölkə arasında "…müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalayıblar. Sənəddə iki ölkə arasında siyasi, iqtisadi və başqa sahələrdə əməkdaşlığın gücləndirilməsindən bəhs edilir.

Xatırlatma

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yeni təcavüzə başlayıb. Bu müharibədən bir neçə gün əvvəl də Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı.

Rusiya doqquz il əvvəl Ukraynanın bir hissəsini - Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra isə Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib.

Azərbaycan bu sanksiyalara qoşulmur. Amma Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb. Bundan başqa, Azərbaycanın Ukraynaya bir neçə dəfə humanitar yardım, o cümlədən elektrik avadanlıqları göndərdiyi xəbər verilib.

XS
SM
MD
LG