Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:46

Rusiya Baxmuta hücumları davam etdirir


Ukrayna hərbçiləri Baxmut yaxınlığında haubitsadan Rusiya mövqelərinə atəş açır.
Ukrayna hərbçiləri Baxmut yaxınlığında haubitsadan Rusiya mövqelərinə atəş açır.

Rusiya Ukraynanın Baxmut şəhərinə fasiləsiz hücumunun intensivliyini saxlayır, mülki hədəfləri vurur. Bunu Ukrayna ordusu martın 15-də bildirib. Prezident Volodimir Zelenski isə şərqi Donetsk vilayətindəki bu şəhərin müdafiəsinin davam edəcəyini, düşmənə maksimum zərbələr vurulacağını deyib.

Rusiya şərq cəbhəsində 90-dan çox uğursuz hücum gerçəkləşdirib, əsas diqqət də Baxmuta yönəlib, - Silahlı qüvvələrin Baş qərargahı martın 15-də gündəlik brifinqdə açıqlayıb.

Baxmut bir neçə aydır döyüşlərin episentridir. Ancaq Rusiya qüvvələri Lıman, Avdiyevka, Maryinka və Şaxtarsk istiqamətlərində də hücum əməliyyatları həyata keçirirlər.

Müdafiə nazirinin müavini Hanna Malyar martın 14-də Ukrayna televiziyasına deyib ki, Kreminna ətrafında, Baxmutdan şimalda digər yaşayış məntəqələrində də ağır döyüşlər gedir.

Rusiya qüvvələrinin son 24 saat ərzində 40 havadan zərbə, 12 raket zərbəsi, azı 100 yaylım atəşi gerçəkləşdirdiyi bildirilir.

Mülki hədəflər vurulur

Xerson vilayətindəki İvanivka yaşayış məntəqəsində mülki infrastruktura raket hücumu isə yerli əhali arasında qurbanlara səbəb olub, əmlaka ziyan dəyib.

Xerson region hərbi administrasiyasının başçısı Oleksandr Prokudinin dediyinə görə, ötən gecə Rusiya qüvvələrinin açdığı atəş dörd nəfərin xəsarət almasına səbəb olub.

Martın 14-də Rusiya raketi Baxmutdan 50 km şimal-şərqdə yerləşən Kramatorskda yaşayış binasına düşüb, bir dinc sakin ölüb, üçü yaralanıb.

Donetsk vilayətinin qubernatoru Pavlo Kiriklenko isə ötən gün Kuraxovo şəhərinin atəşə tutulması nəticəsində elektrikin kəsildiyini bildirib. Dekabrda bu şəhər hədəfə alınmış, 10 nəfər həlak olmuşdu.

Baxmutun müdafiəsi diqqət mərkəzindədir

Zelenski martın 14-də axşam müraciətində deyib ki, Ukraynanın ali hərbi komandanlığı ölkənin şərq hissəsinin müdafiəsini yekdilliklə dəstəkləyir. Buraya mühasirədə olan Baxmutun müdafiəsi, düşmənə maksimum zərbə vurmaq daxildir.

Zelenskinin sözlərinə görə, görüşdə Baxmut hərbi komandanlığın əsas diqqət mərkəzində olub. "Bütün komandanlığın mövqeyi aydındır: Bu sektoru gücləndirmək və işğalçıları maksimum məhv etmək", – Zelenski vurğulayıb.

Malyar isə deyib ki, Baxmutun müdafiəsi vacibdir, çünki rusiyalılar "nəhəng sayda" əsgər və çoxlu hərbi avadanlıq itirirlər, "onların irəliləmək qabiliyyəti azalır".

Bu arada Zelenskinin Luhansk, Odessa vilayətlərinin qubernatorlarını işdən kənarlaşdırdığı açıqlanıb.

XS
SM
MD
LG