Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:49

Ukrayna hərbiyyəsi: Rusiyalılar Kreminnada kütləvi geri çəkilirlər


Ukrayna hərbçiləri Baxmut yaxınlığında
Ukrayna hərbçiləri Baxmut yaxınlığında

Ukraynada Luhansk vilayətinin ukraynalı başçısı Sergey Qayday deyib ki, rusiyalılar Kreminna şəhərini tərk edirlər, amma ağır döyüşlər davam edir.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Qaydayın sözlərinə görə, cəbhənin bu hissəsində uğur ukraynalıların tərəfindədir:

“Rusiyalılar öz ətraflarındakı meşə zolaqlarını tutublar və bu əraziyə minalar basdırıblar. Lakin minalanmanın çoxu məsafədən aparıldığına görə onların özündə də bu sahələrin xəritələri yoxdur”.

Qayday bildirib ki, Kreminna şəhərinin yaxınlığında ağır döyüşlər gedir və rusiyalılar bura əhəmiyyətli sayda ehtiyat canlı qüvvə və texnika gətirirlər.

Bu da qeyd olunur ki, Rusiya qüvvələri ağır itkilərə məruz qalır.

Qaydayın sözlərinə görə rusiyalıların bu ərazidəki inadkarlığına səbəb odur ki, Kreminnanın itirilməsi Rusiya ordusunun Luhansk vilayətindəki müdafiə xəttinin tamamilə çökməsi ilə nəticələnə bilər.

İndi qarşıda iki mümkün ssenari var

Belarusun müstəqil Belsat telekanalına danışan Luhansk başçısı deyib ki, Kremennayanın azad olunmasından sonra regionun başqa şəhərlərinə də növbə çatacaq:

“Rusiyalıların bu şəhərləri müdafiə etməsi son dərəcə çətin olacaq. Kreminnanın azad olunmasından sonra Ukrayna ordusunun qarşısında iki variant var: vilayətin əsas logistika mərkəzi olan Starobelskə tərəf yürüş etmək, ya da Baxmutun müdafiəsinə dəstək vermək üçün Rusiya qruplaşmasını parçalamaq məqsədilə Rubejnoye və Severodonetsk tərəfə irəliləmək”.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı dekabrın 28-də bildirib ki, Rusiya əsgərləri Kremennaya yaxınlığında kütləvi şəkildə mövqelərini qoyub geri çəkilirlər.

Yoxlanmamış məlumatlara görə 200-dək Rusiya hərbçisi axtarışdadır.

Britaniya hərbi kəşfiyyatının məlumatında deyilir:

“Belə görünür ki, son günlərdə Rusiya Luhanskdakı Kreminna rayonunda müdafiəni gücləndirir. Beləki bu mövqelər daim Ukrayna silahlı qüvvələrinin təzyiqi altındadır. Ukrayna qoşunları ötən oktyabrda Liman şəhərindən qərbə irəliləyəndən bəri Kreminnaya Rusiya cəbhəsinin ən zəif yerinə çevrilib”.

Rusiya qüvvələri 24 fevral mövqelərinə oturdula bilər

Britaniya Strateji Araşdırmalar İnstitutunun eksperti Maykl Klark BBC-yə deyib ki, Ukrayna qoşunları cəbhənin geniş şəkildə yarılmasına yaxındırlar.

Onun sözlərinə görə bu, Rusiya qoşunlarını 64,5 kilometr məsafədə geri oturda bilər.

Bu isə o deməkdir ki, Rusiya faktiki olaraq 24 fevralda müharibəni başladığı hüdudlara geri çəkiləcək.

Britaniyalı ekspertin sözlərinə görə hər iki tərəfin “nəfəs dərməyə” ehtiyacı var, amma ukraynalılar hücumun davam etdirilməsi üçün daha motivasiyalıdırlar.

The New York Times qəzeti isə yazır ki, Kreminna Severodonetsk və Lisiçansk şəhərlərinin azad edilməsi uğrunda hücum üçün qapıdır.

Rusiya bu şəhərləri üzücü yay kampaniyası zamanı böyük itkilər hesabına ələ keçirib.

XS
SM
MD
LG