Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:30

Ukraynanın yay əks-hücumu niyə alınmadı? - 'The Washington Post'


Ukrayna ordusunun baş komandanı general Valeri Zalujnı
Ukrayna ordusunun baş komandanı general Valeri Zalujnı

Ukrayna silahlı qüvvələri yay hücumu zamanı əhəmiyyətli şəkildə irəliləyə və qarşısına qoyulmuş vəzifəni – Azov dənizi sahilinə çıxmaq vəzifəsini yerinə yetirə bilməyib.

The Washington Post qəzeti yazır ki, bütün bunlar əməliyyatın planlaşdırılmasında və onun başlanğıcında Ukrayna ordusu və onun ABŞ da daxil Qərb müttəfiqləri arasında fikir ayrılıqlarına görə baş verib.

Qəzetdə dərc olunmuş böyük məqalədə Ukrayna ordusunun əks-hücumu “uğursuz” adlandırılır.

Rəsmi Kiyev və müttəfiqlər bu qənaətlə razılaşmasalar da, son zamanlar hücumun ləng getdiyini və məqsədlərə çatılmadığını etiraf edirlər.

Məqalədə qeyd olunur ki, onun hazırlanması üçün jurnalistlər Ukrayna, ABŞ, Avropa ölkələri və Rusiyadan olan 30-dan çox yüksək vəzifəli məmur, habelə ön cəbhədə döyüşən 20-dən çox zabit və əsgərlə söhbət ediblər.

Məqalə müəlliflərinin gəldikləri əsas nəticələr bundalardan ibarətdir:

Ötən ilin yazında, hücumdan əvvəl ABŞ, Britaniya və Ukrayna hərbçiləri kampaniyanın planını hazırlamaq üçün xəritə üzərində 8 modelləmə oyunu keçiriblər.

Qəzet yazır ki, Vaşinqtonun başlıca səhvi Ukrayna qüvvələrinin Qərb tipli orduya çevrilməsinin sürətini düzgün qiymətləndirə bilməməsində olub.

Bu da vurğulanır ki, Ukrayna hərbçilərinin uğursuzluğunda Kiyevin döyüş aviasiyasının olmaması da öz rolunu oynayıb.

Fikir ayrılığı

Məqalədə iddia olunur ki, ABŞ və Ukrayna hərbçiləri arasında fikir ayrılıqları təkcə taktika məsələlərində deyil, həm də strategiyada olub.

Məsələn Pentaqon əməliyyatın hələ aprel ayında Rusiya qüvvələri müdafiə xəttində möhkəmlənmədən sürətlə başlanmasını tövsiyə etmişdi.

Qeyd olunduğuna görə Ukrayna komandanlığı isə əksinə, Qərbdən daha çox silahların gəlməsini gözləmək, habelə daha çox Ukrayna əsgərinə təlim verilməsi üçün əməliyyatın daha gec başlanmasında israr edirdi.

Amerika hərbçiləri Ukraynaya verilmiş böyük həcmlərdə hərbi texnikadan istifadə olunmaqla əsas zərbə istiqamətində Rusiya müdafiəsinin yarıla biləcəyinə ümid edirdi.

Onlar ən güclü zərbənin bir istiqamətdə - Azov dənizinə çıxmaq məqsədilə cənubda endirilməsini istəyirdilər.

Amma Ukrayna ordusu təkcə cənub istiqamətində deyil, Baxmut da daxil eyni vaxtda üç istiqamətdə hücum taktikasını seçmişdi.

Müharibə: reallıqda və nəzəriyyədə

Bu da vurğulanır ki, Ukrayna komandanlığı böyük sayda canlı qüvvə itirəcəyindən ehtiyat edərək Rusiya ordusunun müdafiə xəttinin yarılması üçün qətiyyətli zərbədən çəkinmişdi.

Məqalədə Ukrayna hərbçilərinə istinadla deyilir ki, reallıqda müharibə nəzəriyyədə olduğu kimi görünmür və buna səbəb dronlar da daxil, yeni döyüş vasitələrinin olmasıdır.

Məqalə müəllifləri yazırlar ki, həm Amerika, həm də Ukrayna hərbçiləri Rusiya ordusunun müdafiə olunmaq qabiliyyətini yetərincə qiymətləndirə bilməyiblər.

Onlar xüsusilə də müdafiə xəttində çox sayda minaların basdırılması və ağır canlı itkilərin olmasına baxmayaraq müdafiə olunmaq taktikasını nəzərə almayıblar.

Jurnalistlər yazırlar ki, ABŞ kəşfiyyatı hücumun uğurunu 50:50-ə nisbətində hesablamışdı.

Qərarları Zalujnı qəbul edirdi

Bu da vurğulanır ki, Ukrayna ordusunun hücumu üçün əksər qərarları baş komandan Valeri Zalujnı qəbul edirdi və Baxmut uğrunda mübarizə məsələsində prezident Volodimir Zelenski də onu dəstəkləyirdi.

Yüksək vəzifəli Ukrayna məmurlarından biri qəzetə deyib ki, Ukrayna hərbçiləri hücuma mayda başlamaq istəyiblər, amma Qərbdən gələn hərbi texnikanın nasazlığı, üstəlik pis hava şəraiti buna imkan verməyib.

Washington Post yazır ki, Ukrayna ordusu hücumun əvvəlində 20 Bradley PDM-i və 6 Leopard tankı da daxil böyük itkilər verib.

Buna Rusiya ordusunun artilleriyası səbəb olub. Məhz belə bir şəraitdə Zalujnı Zaporojye vilayətinin Robotino qəsəbəsində “mexanikləşdirilmiş yumruqdan” istifadədən imtina edib. Bunun əvəzində döyüşlərdə daha çox piyadalardan istifadə olunub.

Nəticədə rusiyalıların müdafiə xəttini yarmaq mümkün olmayıb və Ukrayna qoşunları cəmi 10-15 kilometr irəliləyə bilib. Hərçənd hücum planına görə belə irəliləyişə hücumun elə ilk günündə nail olunmalıydı.

“Dalan”

Oktyabrda Rusiya qoşunları Avdeyevka istiqamətində hücum cəhdi edib. Bundan sonra Ukrayna ordusunun 47-ci briqadası həmin istiqamətə keçirilib. Washington Post vurğulayır ki, bu artıq Ukrayna əks-hücumunun dayanmasının göstəricisi idi. Zalujnının özü də The Economist jurnalında dərc olunmuş məqaləsində cəbhədəki vəziyyəti “dalan” adlandırmışdı.

Washington Post qəzetinin bu məqaləsi Kiyevdə və Qərbdə müharibənin bundan sonrakı strategiyasına və Ukraynaya dəstəyin davam etdirilməsinə dair siyasi diskussiyaların getdiyi vaxta təsadüf edir.

ABŞ Konqresi gələn üçün Ukraynaya yardımın maliyyələşdirilməsi haqqında qanunu hələ qəbul etməyib. Ağ Ev bildirir ki, bu, Ukraynaya bundan sonra da silah-sursat və hərbi texnikanın çatdırılmasını sual altında qoyur.

Bununla belə, ABŞ və müttəfiqləri Ukraynaya lazım olduğu qədər dəstək verəcəklərini bildirirlər. Onlar vurğulayırlar ki, Rusiya ilə mümkün sülhün şərtləri barədə qərarı Kiyevin özü qəbul etməlidir.

Ukrayna və ABŞ rəsmiləri bu məqaləyə hələ ki, şərh verməyiblər.

XS
SM
MD
LG