Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:39

Rafiq Əliyev: «Dini sektalar kiçik məmurların vasitəsilə böyük məmurlara yol axtarırlar»


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev, 15 oktyabr 2002
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev, 15 oktyabr 2002

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri bildirir ki, dini qruplaşmalar hakimiyyətdə dayaqlarını möhkəmlətməyə çalışırlar


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev «Azadlıq» radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:


«AZADLIQ»: Rafiq müəllim, dini qruplar artıq məmurları da öz tərəflərinə cəlb etmək istəyirlər. Bu məlumat doğrudurmu? İndiyədək gənclərin və müxalif qurumların dini qrupların təsir dairəsinə düşdüyünü bildirirsiniz.


RAFİQ ƏLİYEV: Dini qrupların, dini sektaların təsir dairələrinə cəlb etdikləri qruplar arasında kiçik məmurlar da var, ali təhsilli ziyalılar da, elmlər namizədləri də...


«AZADLIQ»: Bu proses nə zamandan başlayıb?


RAFİQ ƏLİYEV: «İki-üç ildən çoxdur. Həmişə varı idi əslində. Amma İraqda müharibə başlayandan sonra insanlarda dinə maraq daha da artıb. Amma bu maariflənmə çox naqis şəkildə aparılır. Bu da Azərbaycanda mədrəsələrin, yetərincə ali təhsilli mütəxəssislərin olmamasından irəli gəlir. Buna görə də bilmədən məscidlərə gedir, moizələri dinləyirlər. Moizə oxuyanlar da müxtəlif olur - radikal vəhhabi, qatı şiə, nurçular, dini dövlət səviyyəsində görənlər və s. Yəni, dinə maraq göstərənlərin özlərindən müxtəlif məqsədlər üçün istifadə olunur. Bu qruplar xaricdən yönləndirilir. Əksəriyyəti xaricdə təhsil almış, 30-40 yaşlı insanlardır. Onlar xaricdən maliyyə dəstəyi alır. Bundan başqa, iflasa uğramış siyasi partiyalardan da onların yığıncaqlarında iştirak edənlər var.


«AZADLIQ»: Onlar məmurları və ya ziyalıları nəylə cəlb edirlər?


RAFİQ ƏLİYEV: Ziyalıları ideologiya az maraqlandırır. İdeologiyasız cəmiyyətdə yaşadıqlarından bu boşluğu hardasa doldurmağa çalışırlar. Amma məmurları maddi məsələ maraqlandırır. Niyə də olmasın. Bir-birinin evinə gedirsə, hədiyyə verirsə, xaricə getmək imkanı yaradılırsa, niyə də olmasın. Maddi məsələ də var, mənəvi də…


«AZADLIQ»: Sizcə, məmurların bu işə cəlb olunmasında məqsəd nə ola bilər? Gələcəkdə bu, dövlət üçün hansı təhlükələrə səbəb ola bilər? Onları dövlət əleyhinə yönəldə və ya dövlət əhəmiyyətli informasiya ala bilərlərmi?


RAFİQ ƏLİYEV: Bunların heç biri istisna olunmur. Əgər dini qruplaşmalar hakimiyyətə gəlmək istəyirlərsə, hakimiyyətdəki qüvvələrlə əlaqələri olmalıdır. Dəxli yoxdur, bu, böyük və ya kiçik məmurdur. Sadəcə, kiçik məmur daha tez tələyə düşür. Beləliklə də, tədricən yuxarılara gedib çıxmaq olar və məmurlar qrupu arasında dini təmayüllü, hakimiyyətdə onları dəstəkləyən insanların sayı çoxala bilər. İmkanların genişlənməsi də gələcəkdə hakimiyyətə gəlmələrini daha da asanlaşdırar. Bəli, bu tendensiya var. Bəzi adamlar dövlətçiliyin əsaslarını silkələməklə, bu dövlətdən maaş alanları da öz qruplaşmalarına cəlb etmək istəyirlər. Onların adlarını da bilirik, hansı idarədə işlədiklərini də, harda yaşadıqlarını da.


«AZADLIQ»: Belə çıxır ki, daha yüksək vəzifəli məmurlara, onların yaxınlarına, çevrəsinə da yol axtarırlar. Belə məlumatlar varmı?


RAFİQ ƏLİYEV: Əlbəttə yol axtarırlar. Kiçik məmurların özlərinin yuxarıda işləyən əmisi də var, dayısı da. Bu işlər planlı şəkildə aparılır. Amma dövlət də bu yöndə iş görür.


«AZADLIQ»: Bu qurumlar hansı dövlət idarələrində, nazirliklərdə daha fəaldırlar?


RAFİQ ƏLİYEV: Bunu deyə bilməyəcəyəm.


«AZADLIQ»: Deyirsiz ki, olanlardan bizim xəbərimiz var. Bunu deyəndə yalnız rəhbərlik etdiyiniz komitəni nəzərdə tutursunuz, yoxsa təhlükəsizlik orqanlarını da? Prezidentə də bu haqda məlumat verirsinnizmi?


RAFİQ ƏLİYEV: Ayda bir dəfə ölkə başçısına məlumat veririk. Dövlətin təhlükəsizlik orqanlarının da bundan xəbərləri var. Onlar da öz işlərini görürlər.


«AZADLIQ»: Əgər təhlükəsizlik orqanları bunun qarşısını alırsa, bəs çevrə niyə bu qədər genişlənir? İndiyədək sizin tərəfinizdən gənclərin, müxalif qurumların bu sektalara cəlb olunduğu deyilirdisə, indi bura məmurlar və ziyalılar da aid olunur. Bəlkə dövlətin atdığı addımlar yetərli deyil?


RAFİQ ƏLİYEV: Dövlətin atdığı addımlar yetərlidir. Cəmiyyətdə riskli qruplar çoxdur. Rüşvətxorlar, oğrular və sairə. Onların qarşısını bir dəfəlik almaq olurmu? Yox.
XS
SM
MD
LG