Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:36

«Rusiya Dağlıq Qarabağla bağlı kompromisə razılaşarsa, ABŞ da güzəştə gedə bilər»


Brenda Şaffer. ABŞ-ın Harvard Universitetinin Xəzər Araşdırmaları layihəsinin direktoru.
Brenda Şaffer. ABŞ-ın Harvard Universitetinin Xəzər Araşdırmaları layihəsinin direktoru.

İyulun 15-dən 17-ə qədər Sankt-Peterburqda Böyük Səkkizliyin sammiti keçiriləcək. Böyük Səkkizlik Rusiya, Birləşmiş Ştatlar, Britaniya, Fransa, Yaponiya, Almaniya, Kanada və İtaliya kimi inkişaf etmiş ölkələrin forumudur.


Rusiya prezidenti Vladimir Putin bu günlərdə deyib ki, sammitdə enerji təhlükəsizliyi, infeksion xəstəliklərlə mübarizə, İranın nüvə proqramı, Koreyanın raket texnologiyaları, Yaxın Şərq, İraq məsələləri müzakirə olunacaq.


Bir müddət əvvəl səkkizlərin görüşündə Cənubi Qafqazda münaqişələrin də gündəmə gətiriləcəyi barədə məlumatlar yayılmışdı. İndi Putinin bu məsələyə toxunmaması yerli mediada belə bir fikir formalaşdırıb ki, sammitdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmaya bilər.


Ancaq ABŞ-ın Harvard Universitetinin Xəzər Araşdırmaları layihəsinin direktoru Brenda Şaffer əksini düşünür. O, Amerika prezidenti Corc Buşun samitdən əvvəl qəflətən Gürcüstan prezidenti Mixail Saakaşvilini ABŞ-a dəvət etməsini xatırladır: «Putinin belə danışması heç də təəccüblü deyil, çünki o, samitdən qabaq müzakirə etmək istəmədiyi məsələyə toxunmur. Ancaq bir fakt aydındır ki, Buş Saakaşvilini ABŞ-a Qafqazdakı münaqişələri müzakirə etmək üçün dəvət edib. Bundan başqa, İlham Əliyevin apreldə Vaşinqtona səfəri də bu məsələlərin gündəlikdə olduğunu göstərir».


Brenda Şaffer deyir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində açar rolunu oynadığından bu məsələnin Böyük Səkkizlərin sammitində müzakirə olunacağı şəksizdir. «Bir də ki, Xəzərdə enerji təhlükəsizliyindən danışanda Dağlıq Qarabağa necə toxunmamaq olar?»


Bəs görəsən, bu forum çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi problemin nizamlanmasında nəyi dəyişə bilər? Xanım Şaffer deyir ki, münaqişənin həllində çox şey Rusiyadan asılıdır, əgər Ermənistan bilsə ki, Rusiya onu hansısa məqamda dəstəkləməyəcək, onda daha çox güzəştə gedər.


«Rusiya öz mövqeyində dəyişiklik edərsə, Birləşmiş Ştatlar da Rusiya üçün mühüm olan məsələlərdə - məsələn, Əfqanıstan, Tacikistanla bağlı güzəştə gedər. Bütün bunlar da sonda Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərər».


Beynəlxalq vasitəçilər 2006-cı ili Dağlıq Qarabağ münaqişəsinin həllində ümid ili adlandırmışdılar. Gələn il Ermənistanda, 2008-də isə Azərbaycanda keçiriləcək prezident seçkilərinin nizamlanma prosesində fasilə yaradacağı bildirilirdi. Ancaq Brenda Şafferin sözlərinə görə, bütün bunlar əslində münaqişənin həlli üçün önəmli deyil, ən əsası qlobal hadisələrin inkişafı, Rusiyanın mövqeyi, iqtisadi amillər, ölkələrin daxilində gedən proseslərdir. Sadəcə, 2006-cı ildə münaqişə tərəflərində seçki olmadığından belə bir fikir varı idi ki, bu il nizamlama daha asan ola bilər.


Samitdən əvvəl bəzi Amerika siyasətçiləri Corc Buşu Rusiyanın demokratiya və insan haqlarını pozduğuna görə bu tədbiri boykot etməyə çağırmışdı. Ancaq bəzi təhlilçilərə görə, hazırda ABŞ-a İran və Şimali Koreya məsələlərində Rusiyanın köməyi lazımdır, buna görə də, Amerika prezidentinin Rusiyalı həmkarına təzyiq imkanları daralır.


XS
SM
MD
LG