Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:52

Fikrət Yusifovun cinayət işi digər sabiqlərin işindən niyə ayrılıb?


MTN-nin təcridxanasında saxlanan Fikrət Yusifovun cinayət işi üzrə aparılan ibtidai istintaq başa çatıb
MTN-nin təcridxanasında saxlanan Fikrət Yusifovun cinayət işi üzrə aparılan ibtidai istintaq başa çatıb

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanan sabiq Maliyyə naziri Fikrət Yusifovun cinayət işi üzrə aparılan ibtidai istintaq başa çatıb. Cinayət işinin materialları baxılmaq üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib.


Cənab Yusifovun cinayət işi dövlət çevrilişinə cəhddə ittiham olunan digər sabiqlərin - Əli İnsanov, Fərhad Əliyev və Akif Muradverdiyevin işindən niyə ayrılıb?


Fikrət Yusifovun ifadələri əsasında həbs olunmuş keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin vəkili İradə Cavadova deyir ki, istintaq qeyri-obyektiv aparılır və keçmiş Maliyyə nazirinin cinayət işinin digər sabiqlərin işindən ayrılması da bu qeyri-obyektivliyin tərkib hissəsidir.


Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyevin vəkili Fuad Ağayev isə, istintaq materialları ilə tanış olmadığından Fikrət Yusifovun işinin məhkəməyə göndərilməsini dəyərləndirməkdə çətinlik çəkdiyini bildirir.


Respublika Prokurorluğunun Mətbuat Xidmətinin əməkdaşı Vüqar Əliyev isə, hesab edir ki, Fikrət Yusifovun cinayət işinin məhkəməyə göndərilməsində təəccüblü bir şey yoxdur. Belə ki, Cinayət Məcəlləsinin 278-ci maddəsiylə, yəni hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama ittihamıyla barəsində həbs-qətimkan tədbiri seçilən sabiq Maliyyə nazirinin istintaqı artıq başa çatıb, dövlət çevrilişində təqsirləndirilən digər keçmiş məmurların istintaqında isə sübutların araşdırılmasına ehtiyac var: «Əgər iş üzrə təqsirləndirilən bir neçə şəxs varsa və cinayət işində onlardan birinin işinin ayrılıb məhkəməyə göndərilməsi istintaqın obyektivliyinə xələl gətirmirsə və ayrıca baxıla bilərsə, qanun buna imkan verir. Fikrət Yusifovun da işində əhəmiyyət kəsb edən bütün hallar, ittiham olunduğu epizod tam araşdırılıb, istintaq orqanı da hesab edir ki, artıq onun istintaq altında saxlanması hüququnun pozulmasıdır. Digər təqsirləndirilən şəxslər barədə isə hələ də araşdırma aparılır».


«Viza» hüquq firmasının rəhbəri, vəkil Aslan İsmayılov isə hesab edir ki, Fikrət Yusifov bu işdə əsas şahid kimi çıxış etdiyindən onunla bağlı epizodun istintaq materiallarından ayrılıb məhkəməyə göndərilməsi qanunsuzdur. Cənab İsmayılov deyir ki, əgər istintaq başa çatıbsa, onda iş məhkəməyə tam həcmdə göndərilməlidir. Vəkilin fikrincə, istintaqın sabiq Maliyyə naziriylə bağlı verdiyi qərar istintaqın və məhkəmənin obyektivliyini indidən şübhə altına alır.


XS
SM
MD
LG