Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:33

«Qarabağın taleyi aralıq statusda tərəflərin mövqeyindən asılı olacaq»


Kərim Kərimli və Zərdüşt Əlizadə
Kərim Kərimli və Zərdüşt Əlizadə
«Qarabağın taleyi aralıq statusda tərəflərin mövqeyindən asılı olacaq».

Bunu politoloq Zərdüşt Əlizadə deyir. Onun fikrincə, həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq aləm qarşısında öhdəlik götürüb. Danışıqlar prosesinin gedişi də onu göstərir ki, tərəflər ilin sonuna qədər çərçivə sənədini imzalamaq niyyətindədir:

«İndi hamıya məlumdur ki, söhbət əvvəlcə 5 rayonun azad edilməsindən gedir. Daha sonra isə iki rayonun məsələsinə baxılacaq. Ancaq əvvəlcə imzalanacaq çərçivə sənədində Qarabağın taleyi bir qədər yayğın qalacaq. Heç vaxt orada yazılmayacaq ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və yaxud Ermənistana məxsusdur. Onun tam müstəqilliyindən də bəhs edilməyəcək. Yəqin ki, aralıq status müəyyən ediləcək. Bu aralıq statusu o demək olacaq ki, Dağlıq Qarabağda özünü hökumət elan edən qüvvə beynəlxalq hüquq çərçivəsində tanınacaq. Əslində, beynəlxalq hüquq Dağlıq Qarabağın Azərbaycandan tam ayrılmasına xidmət etmir. Ancaq gərək Azərbaycan da özünü beynəlxalq hüquqa hörmət edən, güclü bir ölkə kimi təqdim etsin. Əks halda, bu «Madrid prinsipləri» referendum oldu-olmadı Qarabağın Azərbaycandan qoparılmasına xidmət edəcək».

Zərdüşt Əlizadənin fikrincə, Dağlıq Qarabağın Azərbaycana qaytarılması üçün hakimiyyətin üzərinə çox mühüm vəzifələr düşür:

«Azərbaycan beynəlxalq təcrübədən istifadə etməlidir. Qardaş Türkiyənin kürd problemində tutduğu mövqeyi təkrarlamalıdır. Buna diplomatiyada «yumşaq güc» deyilir. Bir tərəfdən, Türkiyə kürd vətəndaşları ilə dialoqa gedir, başqa tərəfdən də, terrorçulara öz gücünü göstərir. Azərbaycanda korrupsiyanın qarşısı alınmalıdır, insan haqlarına hörmət edilməlidir. Dağlıq Qarabağ erməniləri də varlı, ədalətli Azərbaycanda yaşamaqdan imtina etməzlər. Heç dünya da Dağlıq Qarabağın totalitar bir ölkəyə birləşməsinə razı olmaz. Üçüncüsü isə, güclü iqtisadiyyat, güclü ordu olmalıdır. Qoy, ermənilər özləri seçim etsinlər».

Zərdüşt Əlizadə düşünür ki, istənilən hakimiyyət üçün konstitusiyaya dəyişiklik edib Dağlıq Qarabağda mili müqəddəratla bağlı referenduma razılıq vermək siyasi qətl olardı.

Məcburi Köçkünlər Birliyinin sədri Kərim Kərimli də deyir ki, büdcədən oğurlanan hər bir manat pul Qarabağı Azərbaycandan uzaqlaşdırır.

Onun fikrincə, Azərbaycan atəşkəs dövründə Qarabağın işğaldan azad edilməsi istiqamətində mövcud imkanların heç 50 faizindən də yararlanmayıb:

«Mən referendumun hansı formada keçiriləcəyini təsəvvür edə bilmirəm. Əgər Dağlıq Qarabağda referendumdan söhbət gedirsə, bunun Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. 1991-ci ildə ermənilər Dağlıq Qarabağda referendum keçirmişdilər. Heç azərbaycanlıları bu səsverməyə qatmadılar. Əgər gələcəkdə də Dağlıq Qarabağda referendum olacaqsa, onun həmin referendumdan bir fərqi olmayacaq»...
XS
SM
MD
LG