Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:27

Rüşvətə görə yalnız yiyəsiz adamlar məsuliyyətə cəlb edilir?


«Burada hüquq önəmli deyil. Önəmli olan sifariş və siyasi gerçəkliklərdi»

- Müşfiqin arxasında nə evi var, nə pulu. Ailəsi onun-bunun qoltuğunda yaşayır. Müşfiq necə rüşvətxor ola bilər?

BİZİM NƏ RÜŞVƏT ALMAĞA, NƏ DƏ RÜŞVƏT VERMƏYƏ GÜCÜMÜZ VAR

Rüşvət alma ittihamı ilə 5 il azadlıqdan məhrum edilən jurnalist Müşfiq Hüseynovun bacısı Dilbər Qasımova belə deyir. O, hələ də bir məsələni özü üçün aydınlaşdırmağa çalışır. Azərbaycanda nədən bir çox rüşvətxorlar azadlıqda gəzdiyi halda yalnız yiyəsiz və imkansız adamlar məsuliyyətə cəlb edilirlər? Dilbər Qasımovanın bildiyi bir həqiqət var. Onun kimi insanların nə rüşvət almağa nə də rüşvət verməyə gücləri var:

- Azərbaycanda rüşvətsiz keçinmək mümkün deyil. Müşfiqi tutduran təşkilatın arxasında böyük imkanlar dayanır. O qurğuları quraşdırıb Müşfiqi tutdular. Gəlin görək, mən həmin təşkilata müraciət edim, deyim ki, çox sağ olun, Müşfiqi tutduz, cəmiyyəti bir çirkli adamdan xilas etdiz, ancaq məndən də rüşvət istəyirlər, elə bilirsiz həmin rüşvətxoru tutacaqlar?

CƏRİMƏLƏR BANKA KÖÇÜRÜLÜR YOXSA CİBƏ QOYULUR?

Dilbər Qasımovanın cəmiyyətdəki ayrı-seçkilikdən şikayətlənməsi təsadüf deyil. Avqustun 11-də rüşvət almaqda günahlandırılan İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Xidməti Departamentinin əməkdaşlarının məhkəməsi başa çatıb. Departamentin rəis müavini və daha 2 əməkdaşı şərti cəza alaraq azadlığa buraxılıblar. Halbuki, istintaq materiallarında bildirilir ki, onlar «Diana» İstirahət Mərkəzindən rüşvət alarkən həbs ediliblər. Hərçənd təqsirləndirilən şəxslər məhkəməyə ifadələrində həmin pulu rüşvət yox cərimə kimi aldıqlarını söyləmişdilər. Ancaq həmin prosesdə dövlət ittihamçısının bir sualı cavabsız qalmışdı. Cərimə banka köçürülməli olduğu halda sizə niyə verilmişdi?

Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Musa Quliyev deyir ki, Azərbaycanda məhkəmələr müstəqil olduğundan, burada siyasi səbəblər axtarmağa ehtiyac yoxdur:

- İstintaqda onların nə deməsi əsas deyil. Əsas məhkəmədə dedikləridir və məhkəmənin gəldiyi nəticədir. Görürsüz belə hallar Rusiyada da çox olur. İstintaq bir nəfərin günahlarını tam sübut edir, ancaq bu məhkəməyə şübhəli görünəndə açıb həmin şəxsi buraxırlar.

QANUN ŞAHDIR YOXSA ŞAH QANUN?

Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov isə deyir ki, Konstitusiyadan asılı olmayaraq Azərbaycanda hamı bərabər deyil. Məhkəmələr insanları əməllərinə görə yox, maddi imkan və siyasi baxışlarından asılı olaraq dəyərləndirir:

- Söhbət ondan gedir ki, burada hüquq önəmli deyil. Önəmli olan sifariş və siyasi gerçəkliklərdir.

Hafiz Həsənov düşünür ki, əgər Antiinhisar Xidməti Departamentinin əməkdaşlarının həbsi üçün siyasi sifariş olardısa onların şərti cəza almaları mümkün deyildi. Azərbaycanda ağır korrupsiya hallarına görə o şəxslər həbs edilirlər ki, onlar hakimiyyət üçün təhlükəli sayılırlar. Söhbət Fərhad Əliyev və Əli İnsanov kimi keçmiş nazirlərdən gedir.
XS
SM
MD
LG