Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:51

Bursada qol kimin qapısına vuruldu?


Gül və Sarkisian futbol matçında, 14 oktyabr 2009
Gül və Sarkisian futbol matçında, 14 oktyabr 2009
Rəsmi Bakı oktyabrın 14-də Bursa Atatürk stadionunda keçirilən futbol yarışması zamanı Azərbaycan bayrağına hörmətsizlik edilməsinə etiraz edib. Azərbaycanın Xarici İşlər Nazirliyi bununla bağlı açıqlamanı Türkiyə səfirliyinə təqdim edib.

TÜRK QONAQPƏRVƏRLİYİ

Öncədən bəlli idi ki, Ermənistanla Türkiyənin diplomatik yaxınlaşmasına etiraz edən xeyli insan stadiona Azərbaycan bayrağı ilə gəlməyi planlaşdırır. Artıq səhər saatlarından başlayaraq Bursa Azərbaycan bayrağına bürünmüşdü. Ancaq aradan çox keçmədi ki, FİFA yarış keçirilən stadiona Azərbaycan bayraqlarının buraxılmasını qadağan etdi. Türkiyə mətbuatı isə yazır ki, qərar Ankaradan verilib. Ankara qərarı türk qonaqpərvərliyinə sayğısı ilə izah edib.

SÜRİX PROTOKOLUNU NECƏ ƏNGƏLLƏMƏLİ?

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirir ki, Sarkisyana türksayağı qonaqpərvərlik Azərbaycana yaxşı heç nə vəd eləmir.
Əli Kərimli
Baş verənlər Azərbaycanı öz strateji müttəfiqindən uzaqlaşdıra bilər. İndi Azərbaycanın üzərinə düşən ən böyük vəzifə Sürix protokolunun Böyük Millət Məclisində (BMM) ratifikasiyasının yubanmasına çalışmaqdır. Ancaq bu durum sonsuza qədər davam edə bilməz:

- 16 ildir Türkiyə Azərbaycana bu məsələdə birmənalı dəstək göstərsə də, Bakı özü problemin çözümü ilə bağlı heç bir addım atmır. Arabir İlham Əliyev deyir ki, zaman bizim xeyrimizə işləyir. İndi isə bəlli olur ki, zaman Ermənistanın xeyrinə işləyir. Ermənistan diplomatiyası uğur qazanır, Azərbaycanın müttəfiqini əlindən alır, Azərbaycanla Türkiyə kimi ayrılmaz qardaşların arasına girməyə cəhd göstərir.

Əli Kərimli düşünür ki, Azərbaycanla Türkiyə arasında son illər PKK terrorçularına dəstək verilməsi, Azərbaycanda türk iş adamlarının sıxışdırılması, Türkiyə məktəblərinə qarşı kampaniya aparılması, türk məscidlərinin sökülməsi kimi ciddi problemlərlə müşayiət olunan gərginlik dövlət başçılarının açıq müzakirə mövzusu olmayana qədər iki ölkənin münasibətlərində küskün notlar davam edəcək.

MİLLİ MƏCLİS ÜZVLƏRİNİN ANKARA SƏFƏRİ

Artıq ikinci gündür Azərbaycan parlament nümayəndə heyəti Bakının Sürix protokollarına rəsmi mövqeyini Türkiyə rəsmilərinə və ictimaiyyətinə çatdırmaq üçün Ankaradadır. Parlament qrupunun üzvü
Fəzail Ağamalı
Fəzail Ağamalı AzadlıqRadiosuna deyir ki, baş nazir Rəcəb Tayyib Ərdoğan, BMM-nin sədri Məhmətəli Şahin, ana müxalifətin lideri Dəniz Baykalla keçirilən görüşlər səmərəli olub:

- Bütün görüşlərdə bildirdik ki, protokolların parlamentdə ratifikasiyası işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi ilə paralel getməlidir. Bu Ermənistanın işğalçı siyasətinə haqq qazandırmağa, Dağlıq Qarabağ probleminin nizamlanması üzrə danışıqlarda Ermənistanın mövqeyini gücləndirməyə xidmət edər.

ANTİTÜRK BƏYANATLARIN MÜƏLLİFLƏRİ KİMLƏRDİR?

Millət vəkili Pənah Hüseyn yaranmış situasiyadan bəzi dairələrin öz maraqları üçün yararlanmağa çalışdığını iddia edir. Onun fikrincə, Ermənistan-Türkiyə yaxınlaşması Azərbaycan diplomatiyasının böyük uğursuzluğu olsa da, bu,
Pənah Hüseyn
Azərbaycan-Türkiyə münasibətlərinə ziyan vurmamalıdır:

- Yaranmış durumda kimlərinsə yararlanıb antitürk, anti-Türkiyə ovqatı yaratması artıq faktdır. İqtidarın müəyyən dairələri sanki Ermənistanla Azərbaycan üçün əlverişli olmayan sülh sazişinə hazırlaşırlar və Türkiyə-Ermənistan protokolunun imzalanmasını Azərbaycanın artıq təklənməsi, əsas dayağından məhrum olması kimi qələmə verməyə çalışırlar. Hakimiyyətin bu bəhanəni əldən qaçırmamağa çalışdığı göz qabağındadır. Ancaq əminəm ki, Türkiyə hakimiyyəti həm Türkiyənin, həm də Azərbaycanın maraqları nəzərə alınmadan bu məsələdə uzağa getməz. Biz Türkiyə dövlət rəsmilərinin proseslərin onların bəyanatlarında deyildiyi kimi, davam edəcəyinə inanırıq.

P.Hüseynin sözlərinə görə, Azərbaycan ictimaiyyəti baş verənlərdən doğru qərarlar çıxarmalıdır.

MÖVZU ƏTRAFINDA GEDƏN MÜZAKİRƏLƏRİ BURADA İZLƏYƏ BİLƏRSƏN
XS
SM
MD
LG