Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:35

Orta azərbaycanlı get-gedə ət, balıq və yağı qida rasionundan çıxarır


Son bir neçə ildə çoxları ət məhsulları yeməyi ya azaldıb, ya da rasionundan tamam çıxarıb
Son bir neçə ildə çoxları ət məhsulları yeməyi ya azaldıb, ya da rasionundan tamam çıxarıb
«Mən keçən ilə qədər çörəyi çox alırdım ki, heç olmasa o biri ərzaqlara çox ağırlıq düşməsin. İndi çörəyi çatdırmaq olmur. Uşaqlar çox yeyir. Özüm heç doyunca çörək də yeyə bilmirəm...»

Mühəndis işləyən Zakir Məmmədov belə deyir. O bildirir ki, 2-3 il bundan əvvələ qədər ortabab dolanırmış. Gəlirlərində azalma olmasa da, bu il ailəsini dolandırmaqda daha çox çətinlik çəkir.

İqtisadçılar deyirlər ki, məhsuldan asılı olaraq keçən illə müqayisədə Azərbaycanda ərzağın qiyməti 20-25 faiz bahalaşıb. Yoxsulluğun artmasının bir səbəbi də ərzaq böhranı və qiymətlərin bahalaşmasıdır.

«BİZ ƏSLİNDƏ YEMƏK YEMİRİK Kİ, ÖZÜMÜZÜ ALDADIRIQ»

Bəs, orta azərbaycanlı öz rasionundan hansı ərzaq məhsulunu çıxarıb? Bu sualla müraciət etdiyimiz bir neçə şəhər sakinin cavabları belə oldu:

- Əlbəttə, büdcəmiz bəzi ərzaqları rasionumdan çıxarmağa məcbur edib. Ət və balıq çox bahadır. Onları çıxartmışam.

- Biz elə həmişə kasıb olmuşuq.

- Mən heç nəyi ixtisar etməmişəm, əvvəlki kimi yeyirəm.

- Mən indi günorta yeməyimdə şorbayla keçinirəm. Əvvəl isə şorba, salat, kotlet yeyirdim.

- Əvvəl meyvəni 2 kilo alırdım, indi 1 kilo ala bilirəm.

- Kərə yağını ixtisar etmişəm.

- Bizim ailə əvvəli kimi yeyir. Axı yeməsən olmur.

- Burnumuzun ucunda balıq çıxır, ancaq 20 manatdır, ət 10 dollar. Onları almıram. Meyvə də bahadır, əvvəlki kimi ala bilmirəm.

- Biz əslində yemək yemirik ki, özümüzü aldadırıq.

Satıcılar isə deyirlər ki, indi alıcılar daha çox zəruri saydıqları ərzaq məhsullarını –
çörəyi, yağı, şəkəri, kartofu almağa üstünlük verirlər.

ƏT, BALIQ VƏ YAĞIN RASİONDAN ÇIXARILMASI İNSANDA DİSTROFİYA, ZÜLAL ÇATIŞMAZLIĞI YARADA BİLƏR

Bunu həkim Mehdi Mehdiyev deyir. O bildirir ki, gün ərzində müəyyən miqdarda ət, meyvə, yağ qəbul etməyən insan yarıac sayılır:

- Bu ərzaqların tərkibində qanyaradıcı orqanların fəaliyyətini stimulyasiya edən maddələr olduğuna görə qanazlığı baş verər. Bu da get-gedə digər orqanlara təsir göstərə bilər. İnsan ət, meyvə, yağ qəbul eləməlidir. Bunları qəbul etməyəndə adam tam qidalanmış hesab olunmur.

Mehdi Mehdiyev deyir ki, əsas düzgün qidalanmaqdır. Çox yemək heç də yaxşı qidalanmaq demək deyil.

AZƏRBAYCANLILAR ƏVVƏLKİ KİMİ TAXIL MƏHSULLARINDAN ÇOX İSTİFADƏ EDİR

«Güzəran» Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli deyir ki, azərbaycanlıların qida rasionunda ət və taxıl məhsulları həmişə üstünlük təşkil edib. Son bir neçə ildə çoxları ət məhsulları yeməyi ya azaldıb, ya da rasionundan tamam çıxarıb:

- Son araşdırmalarımızdan görürük ki, əhalinin rasionundakı taxıl məhsulları azalmayıb. Çünki taxıl məhsulları hələ də Azərbaycanda ən əlçatan məhsul olaraq qalır. Ət, balıq, toyuq məhsulları, o cümlədən normal qidalanmaq üçün zəruri sayılan meyvələr isə ixtisar olunur. Bununla yanaşı gündəlik qida norması azalıb. Əgər hər məhsul növündən 100 qram qəbul etmək lazımdırsa, bu, 50-70 qrama düşüb.

Azərbaycanda yarıac adamların statistikası qeydə alınmır. Ölkədə yoxsulluğun səviyyəsinin isə 14 faizə endiyi rəsmən bildirilir. İqtisadçılar deyirlər ki, bu, əhalinin 1 milyon 600 min nəfərinin aclıq təhlükəsi ilə üz-üzə qalması deməkdir. Ancaq qeyri-rəsmi bu rəqəmin 2 milyondan artıq olduğu bildirilir.
XS
SM
MD
LG