Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:39

«Naxçıvan sözün bitdiyi yerdir»


Fevralın 24-ü «İşdən sonra»da Naxçıvan həqiqətlərindən və dünən vəfat etmiş AXCP Culfa rayon şöbəsinin sədri Riza Nuriyevdən danışılıb.

İdrak Abbasov
Jurnalist İdrak Abbasov Naxçıvanda baş verənlər barədə bunları deyib:

BU SONSUZLUĞA QƏDƏR BELƏ DAVAM EDƏ BİLMƏZ

- Məsələ ondadır ki, Rza Nuriyev qeyri-qanuni olaraq 17 gün təcridxanada saxlanıldı. Nə bir cinayət işi oldu, nə bir istintaq aparıldı. Bu insan sadəcə girov götürüldü. Azadlığa buraxılanda da demişdilər, get ağlını yığ başına balalarınla yaşa. Rza Nuriyev ondan başqa heç nə demirdi. Son hadisə Naxçıvanda baş verən yeganə hadisə deyil. Keçən il yanvar ayının 5-də İsmayıl Hüseynov dəlixanaya salınmışdı. Onun da haqqında bəyanat yayılmışdı və məlum olmuşdu ki, bütün Azərbaycanda baş verən bədbəxtliklərin, Qarabağ hadisələrinin, rüşvətxorluğun, korrupsiyanın səbəbkarı bu yaşlı insandır. O insan da öldü. Ortalıqda heç bir istintaq yoxdur. Və ya, ruhi xəstəxanaya salınan Məhəmməd Qurbanov. Artıq iki aydır ki, Resurs Mərkəzində vergi yoxlamaları aparırlar və bir ay da artırırlar. Burada oturan Elman Abbasovun evinə təhdid zəngləri gəlir. Hara müraciət edir, cavab ala bilmir. Respublika rəhbərliyi və NMR rəhbərliyi bir qərar qəbul etməlidirlər. Bu sonsuzluğa qədər belə davam edə bilməz.

Naxçıvanda yerləşən Demokratiya və İnsan Haqları Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova isə deyir ki, Naxçıvan rəhbərliyi verdiyi bəyanatlarla özü–özünü təkzib edir:

Məlahət Nəsibova
- Birincisi, deyirlər ki, Rza Nuriyev silahlı dəstəyə başçılıq edib. Əgər silahlı dəstə var idisə niyə əvvəldən zərərsizləşdirmirdilər ki, bu hadisə baş verirdi. Silahlı dəstənin olması onlar üçün ziyandır. İkincisi, hər zaman mətbuatda Naxçıvan Muxtar Respublikasını ən sabit, ən sakit bir bölgə kimi qələmə verirlər. Belə olan halda silahlı qüvvənin olması nə dərəcədə inandırıcıdır? Bu baş verən hadisələrə müxtəlif don geyindirmək üçün yazılan sözlərdir.

NAXÇIVANDA SİYASİ PARTİYALAR FƏALİYYƏTSİZDİR

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun Naxçıvandakı bölgə müxbiri Elman Abbasov isə siyasi partiyaların Naxçıvandakı fəaliyyəti barədə danışıb:

- Naxçıvanda siyasi partiyalar hazırda fəaliyyətsizdir. 2005–ci il parlament seçkilərində qərargahların dağılması, üzvlərin bir həftə ərzində döyülməsi, Müsavat Partiyasının dağılması əhalini qorxutdu. Əgər siyasi fəaliyyətlə məşğul olursansa sənə və yaxınlarına iş yoxdur. Buna görə də insanlar siyasi partiyalara gəlmirlər.

Elman Abbasov
Proqram ərzində naxçıvanlı millət vəkilləri Eldar İbrahimov və İsa Həbibbəyli ilə əlaqə yaradılmasına çalışılsa da, onlar bu məsələ barədə danışmaq istəməyiblər. Xatırladaq ki, Bənənyar hadisələri zamanı Naxçıvandan olan millət vəkili Əkrəm Əylisli demişdi ki, bu məsələ dini mövhumatla bağlı olduğu üçün rəy bildirmək istəmir.

İdrak Abbasov isə deyir ki, əgər onlar millət vəkilidirlərsə millətin yanında olmalı idilər, onlar sadəcə deputatdırlar.

ONA ƏN BÖYÜK TƏSİR EDƏN TƏHQİRLƏR İDİ

Proqramda AXCP Naxçıvan şöbəsinin sədri Asəf Quliyev Rza Nuriyevin vəfatı barədə məlumat verib:

- Rza həbsxanadan çıxandan sonra biz onunla bir neçə dəfə görüşdük. Ona işgəncə olmuşdu, bunu danmaq olmaz. Amma özü istəmirdi bu məsələ açılsın. Xahiş edirdi ki, heç kimə deməyin. Ona ən böyük təsir edən təhqirlər idi, buna dözə bilmirdi. Bir neçə dəfə təklif etdim ki, gedək həkimə. Dedi ki, həkimlərə də inanmıram. Həyatdan bezmiş kimi görünürdü. Dünən səhər ağrıları kəskinləşib, həkimə aparıblar. Həkim müəyyənləşdirib ki, ağ ciyərində zədə var, iltihaba çevrilib, ürək çatışmazlığı yaradıb. Həkim deyib ki, artıq gecdir. Axşam 8-ə işləmiş vəfat edib.

«İŞDƏN SONRA»DA NAXÇIVAN HƏQİQƏTLƏRİNİ DİNLƏYİN.
XS
SM
MD
LG