Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:41

Qərb mətbuatı Klintonun Bakı səfəri haqda


İlham Əliyev Hillari Klintonu qəbul edir
İlham Əliyev Hillari Klintonu qəbul edir
ABŞ-da çıxan «Vaşinqton Post» qəzeti yazır ki, Hillari Klinton Bakıda demokratiya məsələsinə nəzərəçarpacaq dərəcədə ehtiyatlı yanaşdı, çünki Azərbaycan Əfqanıstana aparan yolun üstündədir, Amerika öz əsgərlərini təchiz etmək üçün bu ərazidən istifadə edir.

ABŞ dövlət katibi Hillari Klinton iyulun 4-də Şərqi Avropa və Qafqaz ölkələrinə səfəri çərçivəsində Bakıya da gəlmişdi.

«Vaşinqton Post» yazır: «Dövlət katibi Hillari Rodem Klinton Polşada demokratiyanı dəstəkləyən çıxışından sonra bazar günü elə bir ölkəyə getdi ki, burada iki bloqqer həbsdədir, prezidentin səlahiyyət müddətini ləğv etmək üçün keçirdiyi seçkilər qüsurlu sayılır».

KLİNTONUN BALANS FƏNDİ


Qəzet yazır ki, Klintonun səfəri demokratiyanı və təhlükəsizliyi balanslaşdırmaq fəndi barədə bir daha gündəmə gətirdi.

İndiyə qədər espublikaçılar Partiyasından olan keçmiş məmurlar Obama administrasiyasını tənqid edirdilər ki, onlar Çin və Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün demokratiya ilə bağlı tənqidi çıxışlarını azaldıblar.

Bu tənqiddən sonra Klinton Polşada demokratiya və internet azadlığı ilə bağlı çıxışlara başladı. Bu çıxışlardan biri də iyulun 3-də Polşada baş tutdu, dövlət katibi vətəndaş cəmiyyətlərinə qarşı təzyiqlərlə bağlı narahatlığını ifadə etdi.

Amma bazar günü, iyulun 4-də onun əsas məqsədi Azərbaycanla münasibətləri yaxşılaşdırmaq idi.

İndiyə qədər Azərbaycan rəhbərliyi şikayətlənmişdi ki, Obama hökuməti onlara əhəmiyyət vermir, hətta bir il ərzində səfir də təyin etməyib.

ÇİLÇIRAQLI SARAYDA...

«Vaşinqton Post» yazır ki, prezident İlham Əliyev Klintonu özünün dənizqırağında yerləşən, bal rəngində «Yeni il ağacı» boyda çilçıraqlarla bəzədilmiş iqamətgahında çox isti qarşıladı. Əliyev Klintona deyib ki, bu səfərin əməkdaşlığı gücləndirəcəyinə ümid edir. Klinton da cavabında deyib ki, o, ikitərəfli əlaqələrə sadiqdir. Klinton Azərbaycanı inkişaf edən iqtisadiyyatına, mədəniyyətinə, ABŞ-ın İraq və Əfqanıstandakı fəaliyyətinə dəstəyinə görə tərifləyib.

Köməkçiləri deyirlər ki, Hillari Klinton İlham Əliyevlə konfrantasiyaya getməyib, görüşün anlaşma şəraitində keçməsinə çalışıb, İlham Əliyevə deyib ki, o özü də media tənqidinə tuş gəlib, demokratiyanın yaratdığı çətinliklərlə üzləşib, amma bütün bunlar onu daha yaxşı siyasətçi edib.

Karnegi Beynəlxalq Sülh Fondunun eksperti Tom de Vaal «Vaşinqton Post»a deyib ki, belə görünür ki, Obama administrasiyasının Azərbaycana münasibətdə prioriteti demokratiya deyil: «Onlar qərara gəliblər ki, Azərbaycan iki mühüm təhlükəsizlik məsələsinin bağlı olduğu ölkədir».

Qəzet yazır ki, ABŞ üçün Azərbaycanın limanları, dəmiryolları, hava məkanı qoşunlarının və avadanlıqlarının Əfqanıstana daşınması baxımından əhəmiyyətlidir.

De Vaalın dediyi ikinci mühüm təhlükəsizlik məsələsi isə Dağlıq Qarabağdır.

«Vaşinqton Post» qəzeti bir müddət əvvəl prezident İlham Əliyevin Dubaydakı mülkləri haqda yazmışdı.

KLİNTON İLHAM ƏLİYEVLƏ GÖRÜŞƏNDƏN SONRA DEYİB Kİ…

«Reuters» agentliyi də Azərbaycanın ABŞ–ı Əfqanıstanla əlaqələndirmək baxımından mühüm geostrateji mövqeyini qeyd edir, üstəgəl ölkənin Avropanı neft və qazla təchiz etmək baxımından əhəmiyyətini yada salır.

«Reuters» yazır ki, Klinton Azərbaycanda avtoritar hökumətə təzyiq edib ki, insan haqlarına, mülki azadlıqlara daha hörmətlə yanaşsın, dövlət katibi deyib ki, o, görüşlərində həbsdəki iki bloqqerin azadlığa buraxılması məsələsini qaldırıb.

«Reuters»in yazdığına görə, Klinton İlham Əliyevlə görüşəndən sonra deyib ki, ABŞ bölgədəki münaqişəni həll edə bilməz, amma həllinə dəstək ola bilər.

Agentlik yazır ki, ABŞ Türkiyə - Ermənistan sərhədlərinin açılmasını dəstəkləyib, bu isə Bakı ilə Vaşinqtonun münasibətlərinə korlayıb, indi narahatlıq var ki, bu, ABŞ-ın maraqlarına mənfi təsir edə.
XS
SM
MD
LG