Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:28

Eks-prezidentlərə nə vəd olunur?


Azərbaycanın keçmiş prezidentləri Heydər Əliyev və Əbülfəz Elçibəy
Azərbaycanın keçmiş prezidentləri Heydər Əliyev və Əbülfəz Elçibəy
Oktyabrın 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi «Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» Konstitusiya qanunu layihəsini müzakirə edib.

EKS-PREZİDENTLƏRƏ VƏD OLUNANLAR

Layihəyə görə, qanun Konstitusiyaya uyğun olaraq prezident vəzifəsini tutmuş, həm də vəfat etmiş, prezident səlahiyyətlərinə xitam verilmiş şəxslərə və ailə üzvlərinə şamil olunacaq.

İmpiçment qaydasında vəzifədən kənarlaşdırılanlar bu qanundan yararlana bilməyəcəklər.

Eks-prezidentlər və həyat yoldaşları diplomatik pasport daşıyacaqlar, onların toxunulmazlığı qanunla qorunacaq.

Sabiq prezident və həyat yoldaşı cinayət başında yaxalanarsa, yalnız prokurorun təqdimatı ilə saxlanıla bilərlər.

Qanun layihəsi indiki variantda rəsmiləşdirilsə, keçmiş prezident prezidentin aylıq əmək haqqının 50 faizini pensiya olaraq alacaq. Sabiq prezident vəfat etdiyi halda bu təminatı həyat yoldaşı, o olmadıqda isə 18 yaşına çatmamış övladları alacaqlar.

Bundan başqa tibbi təminat üzrə dövlət qulluğu üçün müəyyən edilmiş qanun və qaydaların müddəaları eks-prezidentə və ailə üzvlərinə şamil olunacaq.

Layihəyə görə, sabiq prezident həmçinin dövlət tərəfindən avtomobil, sürücü və 3 nəfər mühafizəçi ilə təmin olunur, prezident vəfat edibsə, avtomobilin təminatı onun ailəsinə ödənilir.

Çingiz Qənizadə
Çingiz Qənizadə
AYAZ MÜTƏLLİBOVA ŞAMİL OLUNMASIN?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə deyir ki, 12 maddədən ibarət qanun layihəsi mütərəqqi bir layihədir. Və komitə artıq onu plenar iclasa tövsiyə edib. Deputat hesab edir ki, layihənin parlamentdə müzakirəsi çox gərgin keçəcək:

«Müxtəlif siyasi təbəqələri təmsil edən eks- prezidentlərə şamil olunduğu üçün yəqin ki, hərə öz mövqeyindən çıxış edəcək. Amma mən belə hesab edirəm ki, bu təkcə qanun deyil, həm siyasi, həm də humanist bir aktdır. Ona görə biz bu qanunu nə keçmişdə, nə də yaxın gələcəkdə kimlərəsə şamil etmirik. Bu uzun gələcəyə hesablanmış olduqca mütərəqqi və demokratik bir qanundur. Mən çox istərdim ki, bu qanun plenar iclasda öz həllini tapsın».

Çingiz Qənizadənin sözlərinə görə, komitədəki müzakirə zamanı müəyyən fikir ayrılıqları da olub. Bəzi deputatlar qanunun keçmiş prezidentlərdən Əbülfəz Elçibəyə şamil edilməsini istəsələr də, Ayaz Mütəllibova şamil edilməsinin əleyhinə çıxıblar.

«GECİKMƏSYDİ DAHA YAXŞI OLARDI...»

Eks- prezident, mərhum Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli deyir ki, əslində bu, eks- prezidentlər və onların ailə üzvlərinin mənafeyi baxımından qəbul edilən qanun kimi dəyərləndirilməməlidir. Təəssüf ki, Azərbaycanda bu qanun 11 il gecikməklə qəbul edilən bir qanun olacaq. Aqil Səmədbəyli belə deyir:

Aqil Səmədbəyli
Aqil Səmədbəyli
«Hər halda gecikməsəydi, daha yaxşı olardı. Yəni cəmiyyətdəki gərginliyin, qarşıdurmaların aradan qalxması istiqamətində daha erkən addım atılmış olardı. Məlumdur ki, eks- prezidentlərin statusu ilə bağlı cəmiyyətdə, KİV-də müəyyən qarşıdurmalar, bəzən əsəbi diskussiyalar olub. Hətta Əbülfəz Elçibəyin ailəsinə hakimiyyət tərəfindən maddi yardım şəklində və digər zəruri ehtiyaclarla bağlı müxtəlif təkliflər olub. Amma Elçibəyin ailəsi eks- prezidentlər haqqında qanunun qəbul olunmasını tələb edib. Deyiblər ki, onlar onsuz da Azərbaycan əhalisinin orta kəsimi səviyyəsindən artıq, dəbdəbəli həyat yaşamaq fikrində deyillər. Tələbləri də Əbülfəz Elçibəyin haqqının tanınmasıdır».

Aqil Səmədbəyli deyir ki, gecikməklə də olsa, bu qanunun qəbulu qanunvericilikdəki ciddi boşluqlardan birinin aradan qaldırılması deməkdir.

«SİYASİ QƏRARI QANUNİ FORMAYA SALIRLAR»

Hüquqşünas Erkin Qədirli isə deyir ki, eks- prezidentlərlə bağlı məsələ əslində siyasi qərardır. Onu sadəcə olaraq qanuni formaya salırlar. Bu, siyasi qərar olduğu üçün siyasi razılaşdırma tələb edir. Ona görə də bu məsələnin hansısa beynəlxalq standartları, və nələrəsə uyğun olması tələbi deyilən bir şey yoxdur:

Erkin Qədirli
Erkin Qədirli
«Layihədə göstərilən tibbi sığorta, pensiya və digər bu kimi məsələlər əslində ümumi fon, yardımçı ünsürlərdir. Əsas mahiyyət üç məsələdədir. Siyasi mədəniyyətin gəlişməsi, hakimiyyətin dinc yolla dəyişməsinin dolayı təminatı və dövlət sirrinin daşıyıcısının vəzifədən gedəndən sonra da təhlükəsizliyinin təminatı. Çünki eks- prezident həmin sirrlərin daşıyıcısı kimi qalır və onun şəxsi təhlükəsizliyi həm də dövlət əhəmiyyətli məsələdir».

Erkin Qədirli deyir ki, vaxtı ilə Azərbaycanda cinayət qanunvericiliyindən siyasi təqiblər üçün istifadə olunub. Buna indi də ara-sıra rast gəlinir. O baxımdan eks- prezidentin toxunulmazlığı və sair bu kimi təminatlara ümumi bir inamsızlıq ola bilər. Amma bu təminatın qanunvericilikdə yazılması özü özlüyündə normaldır. Onun sözlərinə görə, əgər doğrudan da bu qanun əvvəlki prezidentlərə də şamil ediləcək şəkildə qəbul olunsa, bu yaxşı haldır.
XS
SM
MD
LG