Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:49

«Azərbaycanda kənd turizmi özbaşına işləyir»


Foto: Arxiv
Foto: Arxiv
-
Nabran sakinləri Həlimə və Məhəmməd Məmmədovların ikimərtəbəli, qırmızı kirəmitli, yaşıl bağçalı, üstəlik, səliqəli evləri var. Bu yaşlı insanların təqaüddən başqa gəlirləri yoxdur. Bir yanı dənizə, bir yanı da meşəyə açılan evləri onların köməyinə çatır. Artıq bir neçə ildir ki, yay aylarında evlərinin ikinci mərtəbəsini kirayənişinlərə – turistlərə verirlər. Deyirlər, evləri yüksək təmirli olmasa da, səliqə-sahmanına və rahatlığına söz olmaz. Beləcə, yay aylarında müştərisiz qalmırlar:

«Qış fəsli bizim üçün buralarda çox çətindir. 7-8 ay işsiz-gücsüz qalırıq. Kasıbçılıqdır. Ancaq yayda gəlirimiz olur. Yenə şükürlər ki, bu ev var».

Həlimə Məmmədova artıq yuxarı mərtəbəni yenə səliqəyə salıb. Məhəmməd kişi də həyət-bacaya əl gəzdirib. Onlar qonaqlarını gözləyirlər:

«Bizim ev həmişə qonaq-qaralı olub. İndi də evdən, necə deyərlər, biznes üçün istifadə edir, qonaqlardan pul alırıq».

Məhəmməd Məmmədov gülə-gülə deyir ki, əvvəl-əvvəl bu iş onlara qəribə gəlirdi. Yavaş-yavaş həvəsə gəliblər:

«Yay fəsli bu baxımdan yaxşıdır. Ev-eşiyi göstəririk, bəyənənlər qalır. İyunun 15-dən bu evin ikinci mərtəbəsi dolub-boşalacaq».

OTEL OTAQLARINA SIĞMAYANLAR, TƏBİƏT QOYNUNA!

Məmmədovlar turizmin bir qolu olan kənd yaşıl turizminə mehr salıblar. Son illər turizmin bu növü Azərbaycanın Quba-Xaçmaz, Şəki-Zaqatala, Lerik-Masallı və Daşkəsən bölgələrində yayılmaqdadır. Otel otaqlarına sığmayanlar da, onlara imkanı çatmayan və ya otellərdən bezənlər də təbiətlə iç-içə, qucaq-qucağa yaşamaq, həm də kənd yerinin dadını çıxarmaq üçün belə evlərə üz tuturlar. Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov deyir ki, hər mövsümdə ölkədə minlərlə belə ev turistlərə qapısını açır. Onun fikrincə, bu işdə sistemli yanaşma çatmır:

«Bunu sistemləşdirmək bu mənada lazımdır ki, müəyyən standartlar olsun.
Bəlli təhlükəsizlik, təmizlik standartları olsun ki, gələn turistlər kənd evlərində qalarkən, sağlamlıqlarına hər hansı qorxu yaranmasın. Bu mənada sistemlilik olmalıdır. Belə turizmin ulduzlu otellərdə qalıb-qidalanmaqdan fərqi də məhz turizm xidmətinin gerçək kənd həyatına uyğunlaşdırılmasıdır. Bu işin təbii inkişafı olmalıdır. İnkişaf üçün, təbii ki, bəlli tədbirlər də görülməlidir».

Azərbaycan Turizm İnstitutunun tədqiqat-inkişaf mərkəzi kənd turizminə dair araşdırma aparıb. Eldar Aslanov deyir ki, turizmin bu qolunun inkişafı üçün hələ çox iş görülməlidir:

«Gələn turistlərə təqdim edilən xidmətlər haqqında dolğun məlumat olmalıdır. Banklar ev sahiblərinə mikrokreditlər verə bilər, özəlliklə sanitariya qovşağının – hamam və tualetlərin təkmilləşdirilməsi üçün. Daha müasir və daha təmiz olsunlar deyə. Kəndlilərə faizsiz mikrokreditlər verilə bilər. Bundan ötrü böyük potensial var. Özəlliklə sovet dövründə adamlar böyük və çoxotaqlı evlər tikiblər. Adətən, bu otaqların bir hissəsi boş qalır».

İstirahət üçün kənd evlərini seçənlər yazdan axtarışa başlayırlar. Axı yay vaxtı kirayə veriləcək evlər dolu olur.
Şəki.Karvansara
Şəki.Karvansara
Qiymətlərə gəlincə, bu cür evlərin günlük kirayə qiyməti 10-25 manatdan başlayır.

XAN SARAYI, KİŞ MƏBƏDİ, BAŞQA HEÇ NƏ...

Yay çağı dincəlmək üçün üz tutulan bölgələrdən biri də Şəki-Zaqatala bölgəsidir. Şəkidə kənd turizmi ilə məşğul olan Fərhad Əzizov deyir ki, kirayə verilən evlər, əsasən, Şəkinin özündədir. Şəki və Zaqatalanın kəndlərində belə evlərin sayı çox deyil. Bir adam üçün minimum şəraitli evin qiyməti gündəlik 12 manatdır. Səhər yeməyi də verilir – kənd yumurtası, nehrə yağı, dağ balı. Fərhad Əzizov kəndlərdə şəraitli evlərini az olduğunu bildirir:

«Çox adamın evində lazımı şərait yoxdur. Heç bunu etməyə imkanı da yoxdur. Elə kəndlər var ki, qaz, su yoxdur. Təklif etmişdik ki, aşağı faizli kreditlər verilsin. Qrantlar ayrılsa, lap yaxşı olar. Şəkinin özündəki evlərdə təminat var. Kəndlərdə belə deyil».

Fərhad Əzizovun dediyinə görə, gələn turistlər mədəni-tarixi yerlərə baş çəkməyə üstünlük verirlər. Ancaq belə yerlər də çox azdır:

«Hazırda turistlərin baş çəkdiyi yeganə yer Xan Sarayıdır. Sonra da Kiş məbədinə gedirlər. Xan Sarayı ərazisindəki Qala kompleksində 3 muzey var. Bir də Sənətkarlar Evi. Bunlara baxmağa bircə gün yetir. Sonra gedirlər Kiş məbədinə. Ona da baxandan sonra bununla hər şey qurtarır. Ancaq turistlər daha çox yerə getmək istəyirlər».

KƏND TURİZMİ PƏRAKƏNDƏ VƏ KORTƏBİİDİR

Mədəniyyət və Turizm Nazirliyindən bildirirlər ki, kənd turizmini irəlilətmək lazımdır. Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov deyir ki,
Qəbələ
Qəbələ
Mədəniyyət və Turizm Nazirliyi ilk növbədə tarixi abidələrin bərpası istiqamətində işlər görür:

«Abidələrin bərpası, turizm məqsədi ilə istifadə olunması üstün diqqət yetirdiyimiz istiqamətlərdən sayılır. Bu gün Azərbaycanın bir çox bölgəsində ev sahibləri turistlərə xidmət göstərirlər. Ancaq bu xidmətlər kortəbii, pərakəndə və kənd turizmi formatında deyil. Bizim də məqsədimiz odur ki, bu sahədə çalışanları bir yerə gətirək. Həm Mədəniyyət və Turizm Nazirliyi, həm QHT Forumu, həm də Gənclər Fondu vasitəsilə onların kiçik həcmli layihələrinə dəstək vermək və bu yolla kənd turizmini inkişaf etdirmək istəyirik».

Mahir Qəhrəmanovun dediyinə görə, bu işlə məşğul olan sahibkarlarla Kənd Yaşıl Turizm Assosiasiyasının yaradılması planlaşdırılır.

Bakı sakinləri də deyir ki, kənd evlərində dincəlmək onları daha çox çəkir. «Daha çox haraya gedirsiniz» sualını isə belə cavablayırlar:

- Quba, Qusar, oralar səfalı yerlərdir.
- Mən də istirahətə Azərbaycanın rayonlarına, kəndlərinə gedirəm. Xaçmaza, Nabrana.
- Gədəbəyə, Qazax və Daşkəsənə gedirəm. Oralarda oksigen çoxdur.
- Məni Şamaxı, Qəbələ özünə çəkir. Mənzərəli, gözəl yerləridir.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ötən il yay mövsümündə Azərbaycanın bölgələrindəki otellərdə və kənd evlərində 380 mindən artıq yerli turist dincəlib.
XS
SM
MD
LG