Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:55

Deputat Rafael Hüseynov: «Casuslar bir-bir aşkarlanır»


Deputat Rafael Hüseynov
Deputat Rafael Hüseynov

-

«AzərTAc» xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquqi işlər və insan haqları komitəsinin Madriddə keçirilən və 2 gün davam edən iclaslarında Azərbaycanla bağlı bir sıra məsələlər də yer alıb. Həmin iclasda ispaniyalı deputat, Azərbaycan üzrə həmməruzəçi Pedro Agramuntun hazırladığı «Azərbaycanın Avropa Şurasında sədrliyi: İnsan haqlarının qorunması ilə bağlı vəziyyət» adlı hesabat təqdim edilib. Deputat Rafael Hüseynov AzərTAc-ın xüsusi müxbirinə deyib ki, erməni lobbisi, onun Avropa Şurasında araqarışdırıcı təsir imkanları olan qüvvələri Azərbaycan tərəfin Dağlıq Qarabağ münaqişəsinə dair cəhdlərini əngəlləmək üçün qondarma «siyasi məhbus» problemindən yararlanır.

«Elə komitənin Madrid iclasında qeyri-hökumət təşkilatları ilə bağlı Azərbaycana qarşı edilən böhtançı, qərəzkar hücumlar da bunun əyani göstəricisidir. Diqqəti cəlb edən məqamlardan biri də budur ki, yenə həmin düşmən mövqeli qüvvələr öz qara siyasətini ortaya qoyarkən başqa muzdlu xidmətçiləri ilə yanaşı, Avropada gizlənən və maliyyələşdirərək ölkəmizə qarşı qısqırtdıqları dönük azərbaycanlılardan istifadə edirlər. Bunun bariz nümunəsi onların Kopenhagendən komitə iclasına Azərbaycana qarşı hədyanlar yağdırmaq üçün gətizdirdikləri Gülnarə Axundovadır. Nəticə etibarı ilə bütün bunlar özünüifşaya aparır, casuslar bir-bir aşkarlanır. Azərbaycan hökumətinin tutduğu aşkarlıq xətti, korrupsiya hallarının qarşısını almaq üçün bütün sahələrdə, o cümlədən QHT-lərin də maliyyələşdirilməsində şəffaflığın təmin edilməsi təşəbbüsləri ölkəmizdəki ayrı-ayrı QHT-lərə xaricdən çirkli pullar axıdan, yaxud hətta qanuni maliyyəni də çirkli məqsədlərə yönəldənləri hövsələdən tamamilə çıxarıb. Onlar ifşa olunduqca daha artıq azğınlaşır, daha çox böhtanlar uydururlar».

Qeyd edək ki, hüquq müdafiəçisi Gülnarə Axundova ölkədə insan haqları pozuntuları ilə bağlı beynəlxalq tədbirlərdə fəal iştirak edənlərdəndir.

RADİKAL DİNİ QRUPLARA QARŞI ƏMƏLİYYATLAR BAŞLAYA BİLƏR

«İlahiyyat» məscidi məscid olaraq fəaliyyət göstərir və ora QMİ tərəfindən qanuni imam təyin olunub. Orada qanunsuz fəaliyyət ondan ibarətdir ki, icma qeydiyyata alınmayıb. Bizim tövsiyəmiz orada ayrıca icmanın qeydiyyatdan keçməsi ilə bağlıdır».

Bu sözləri APA-ya müsahibəsində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri əlavə edib ki, «İlahiyyat» məscidilə bağlı başqa bir problem də oraya tutumundan artıq gələnlərin olmasıdır:

«O, yataqxanaların əhatəsindədir və bu məscidin tutumundan artıq buraya başqa yerlərdən gələnlər var. Biz onlara dəfələrlə demişik ki, şəhərin başqa səmtlərindən buraya axışaraq süni sıxlıq yaradırlar. Bunu etməsinlər. Biz onu da dəqiqləşdirmişik ki, bu məscidə gələrək süni sıxlıq yaradanlar radikal dini qrupların nümayəndələridir. Əlbəttə, bu yerlərə gələnlərin hamısını radikal adlandıracaq düşüncədə deyilik. Amma bizim monitorinqin nəticələri göstərir ki, buraya süni şəkildə başqa yerlərdən adamlar bayram və cümə namazları vaxtı gələrək nəsə göstərmək, eləmək istəyirlər. Onlar radikal qrup olaraq bir növ mesaj vermək istəyirlər».

«Azadlıq» qəzetinin yazdığına görə, Mübariz Qurbanlının bu müsahibəsindən belə görünür ki, yaxın vaxtlarda radikal qruplara qarşı növbəti əməliyyatlara start veriləcək.

MƏNƏVİYYAT CƏMİYYƏTİN ƏSAS İSTİNAD MƏNBƏYİ OLMALIDIR

«Azərbaycan» qəzeti Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ölkədə kadr böhranı və digər məsələlərlə bağlı çıxışına dair yazılar dərc etməkdədir. Milli Məclisin deputatı Leyla Abdullayeva yazır:

Akademik Ramiz Mehdiyev qeyd edir ki, «Yeni texnologiyalar və innovasiyalar tamamilə yeni bir məkan və ünsiyyət vasitələri yaradıb. Əfsuslar olsun ki, nə bu şəbəkələrin, nə internetin özünün insan psixologiyasına və həyatına təsiri araşdırılmır. Bu gün gənclər həyatlarının, demək olar, çox hissəsini məhz virtual məkanda keçirirlər. Aydındır ki, kimsə nə bu prosesin qarşısını ala, nə də ona müdaxilə edə bilir. Amma bu proseslər ən azı təhlil olunmalıdır. Beynəlxalq Humanitar Forumun iştirakçısı olan Nobel mükafatı laureatlarından biri internetlə bağlı belə bir ciddi narahatlığını bildirdi. Onun fikrincə, bu gün internetdə mövcud informasiyaların böyük qismi, sadəcə olaraq, yanlış məlumatlardır. Araşdırma bacarığından və sanballı təhsildən uzaq olan bir gənc isə doğru ilə yanlış informasiyanı, əlbəttə, bir-birindən ayıra bilməyəcək».

...Necə deyərlər məşhur məsəldə olduğu kimi, bıçaq cərrah əlində insanı həyata qaytara bilərsə, naşı bir adamı qatilə də çevirə bilər. Məhz bu gün biz belə faktların şahidi oluruq. İnternetdən istifadə sui-istifadə formasına da keçmişdir. Biz bunun bu ilin avqustunda cəbhə xəttində baş vermiş proseslər fonunda müşahidə etmədikmi? Sosial şəbəkələr vasitəsilə heç bir əsası olmayan məlumatların yayılmasının şahidi olmadıqmı?»

«2015-Cİ İLDƏ HÖKUMƏTİN TƏRKİBİNDƏ DƏYİŞİKLİKLƏR OLACAQ»

Milli Məclisin deputatı Vahid Əhmədov da «Yeni Müsavat» qəzetinə müsahibəsində həmin çıxışla bağlı sualları cavablandırıb.

- Cənab Mehdiyevin fikirləri kadr islahatlarının anonsu kimi də izah olundu. Gözləmək olarmı ki, 2015-ci ildə bugünkü məmurların bir qismi yeniləri ilə əvəzlənəcək?

- Mütəmadi olaraq dövlət başçısı kadr siyasətini davam etdirir, icra başçıları dəyişdirilir, hökumət üzvləri ilə bağlı addımlar atılır. 2015-ci ildə həm hökumətin tərkibində dəyişikliklər olacaq, həm də gələn il parlament seçkiləri keçiriləcək və seçki ilində müəyyən kadr dəyişiklikləri olacaq. Amma kadr islahatlarının sürətlə aparılmamasının bir səbəbi də cənab Ramiz Mehdiyevin dediyi kimi, kadr çatışmazlığıdır. Məncə, daha çox təcrübəsi olan insanlardan istifadə etmək lazımdır ki, bu problem aradan qaldırılsın. O cümlədən də gənc kadrlardan. Kadr seçimində daha çox təcrübəyə malik, insanlarla ünsiyyət bacarığı olan şəxslərdən istifadə olunmalıdır.

...Fikir verdinizsə, çıxışında cənab Mehdiyev təkcə kadr potensialına deyil, digər məsələlərə də toxundu, o cümlədən dinlə əlaqədar məsələlərə. Dini radikalizmlə bağlı problemlər də var, bu, sirr deyil. Cənab prezident Kamal Abdullanı dövlət müşaviri təyin etdi, ona müəyyən səlahiyyətlər verdi. Bunlar hamısı ondan irəli gəlir ki, bütün dünyada dini radikalizmlə əlaqədar ciddi problemlər meydana çıxıb. Sələfilik və digər təriqətlərin cəmiyyətdə ayaq açması əlbəttə, dövləti narahat edir. Ona görə də məsələyə diqqət artıb».

XS
SM
MD
LG