Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:33

«Mərkəzi Bank əlacsızlıqdan manatın devalvasiyasına getdi»


Samir Əliyev
Samir Əliyev

-

Prezident İlham Əliyev aprelin 10-da keçirdiyi müşavirədə manatın devalvasiyasından danışıb. Dövlət başçısı deyib ki, əslində «manatın məzənnənin dəyişdirilməsi 2005-ci ildə müəyyən etdiyimiz məzənnənin bərpa edilməsi deməkdir».

İqtisadçı-ekspert Samir Əliyev prezidentin çıxışındakı bəzi məqamları AzadlıqRadiosuna müsahibəsində şərh edir.

- Samir bəy, prezidentin çıxışından o anlaşılır ki, sanki Mərkəzi Bank heç bir kənar təsirə məruz qalmadan manatın məzənnəsini dollara nisbətən salıb. Belədirmi?

- Hesab edirəm ki, Mərkəzi Bank əlacsızlıqdan bu addıma getdi. Prezident, Mərkəzi Bank rəhbərliyi devalvasiyaya qədər manatın dollara nisbətən güclü olmasını müsbət hal kimi dəyərləndirirdi, manatın ucuzlaşacağına heç bir əsas görmədiklərini deyirdilər. Mərkəzi Bank rəhbərinin çıxışından qısa müddət sonra manatın yüksək faizlə devalvasiyaya uğraması onu göstərir ki, hökumət buna hazır deyildi, daha çox fors-major halda atılan addım idi. Bundan başqa, hökumət deyir ki, MDB-də milli valyutanın dollara nisbətdə ən az faizlə ucuzlaşması Azərbaycandadır. Bu fikirlə razı deyiləm, çünki Rusiya rublu sanksiyalar, Ukrayna qrivnası müharibə ucbatından dəyərini itirir. İki dövləti nəzərə almasaq, MDB məkanında milli valyutası dollara nisbətən çox ucuzlaşan ölkə Azərbaycandır. Qazaxıstan və Türkmənistanda dollara nisbətdə yerli valyuta 20 faiz ucuzlaşıb, Gürcüstanda o qədər də güclü ucuzlaşma baş verməyib. Zənnimcə, 34 faiz kiçik rəqəm deyil, manat dollara nisbətdə məhz bu qədər ucuzlaşıb. Hesab edirəm ki, manatın belə qəfil devalvasiyasının səbəbi hökumətin düzgün addım atmamasında oldu. Hökumətdə koordinasiya olmadı, çaşqın vəziyyət yarandı və bilərəkdən-bilməyərəkdən çaşqınlığın qarşısını almadı. Nəticədə böyük həcmdə dollar alındı və Mərkəzi Bankın valyuta ehtiyatlarına ağır zərbə dəydi. Manat uzunmüddətli sabitlikdən sonra devalvasiyaya getdi.

- İlham Əliyev çıxışında bəraət qazandırıb ki, manatın dollara nisbətdə güclü olması yerli istehsala ziyan idi. Axı bəzi iqtisadçılar bunu illərdi deyirdilər, hökumət də əks arqumentlərlə ekspertlərin təhlillərini zəiflətməyə çalışırdı. İndi nə baş verib, ölkənin ixrac qabiliyyəti artıb? Prezidentin gətirdiyi arqumentlərdən biri də budur ki, ölkəyə gələn neft gəlirləri manatı təbii şəkildə güclü saxlayırdı. Halbuki, iqtisadçılar çox-çox əvvəl də manatın dollara nisbətdə Mərkəzi Bankın müdaxiləsi gücünə yüksək məzənnədə saxlandığını vurğulayır, hökuməti valyuta ehtiyatını tükəndirməməyə çağırırdılar.

- 2008-ci ildə qlobal iqtisadi böhran baş verəndə, neft təxminən 30 faiz ucuzlaşdı. Bu ona gətirib çıxardı ki, neft və qeyri-neft ölkələri öz milli valyutalarını dollara nisbətdə ucuzlaşdırdı. O vaxt Azərbaycan buna getmədi. Mərkəzi Bank risk edib manatın məzənnəsini saxladı. Çox keçmədi ki, neft bahalaşdı və Mərkəzi Bankın riski özünü doğrultdu. Bu bir siqnal idi, təəssüf ki, Azərbaycan hökuməti bu siqnalı düzgün qiymətləndirmədi. Ölkəyə neft gəlirləri artanda manatın möhkəmlənməsi baş verdi. Düzdür, bu, cüzi möhkəmlənmə idi. 2010-2013-cü illərdə Mərkəzi Bank bazara müdaxilə etməsəydi, dollar haradasa 50-60 qəpiyə qədər ucuzlaşa bilərdi. Çünki ölkəyə böyük həcmdə dollar gəlirdi. Mərkəzi Bank manatın çox güclənməsinin qarşısını almaq üçün bazarda dollar alışına başladı. Təxminən ilə 2 milyard dollar alırdı ki, manat kəskin bahalaşmasın. O vaxt ekspertlər deyirdi ki, Mərkəzi Bank manatın bahalaşmasının qarşısını almaqda düz edir, ancaq həm də milli valyutanın ucuzlaşmasına çalışmalıdır. Necə ki, Rusiya sanksiyalara qədər öz rublunu 5-6 faiz ucuzlaşdırırdı. Həmin dövrdə manat ucuzlaşsaydı, bu bizim ixrac potensialımız üçün dəstək olardı. Razıyam ki, devalvasiya ilə ixracı stimullaşdırmaq olmayacaq, bunun üçün bir sıra şərtlər var: bazar rəqabəti lazım idi. Kiçik emal müəssisələri tikilirdi, təəssüf ki, bəziləri fəaliyyətini sonradan dayandı. Bu müəssisələri tikərkən bazar barədə düşünmək lazım idi. Azərbaycan kiçik ölkə olduğu kimi bazarı da kiçikdir. Buna görə də, emal müəssisələrinin istehsalı xarici bazara yönəldilməliydi. Manat da ucuzlaşmalı idi ki, yerli istehsal xarici bazara çıxanda qiymət baxımından rəqabətə tab gətirsin. Bəs əvəzində nə baş verdi? Kənarda bütün valyutalar ucuzlaşdı, manat sabit qaldı. İdxal qiymətləri də ucuzlaşdı və nəticədə yerli istehsal idxala uduzdu. Hələ mən qiyməti deyirəm, keyfiyyəti demirəm. 2010-cu ildən başlayaraq manat ucuzlaşsaydı, devalvasiya bugünkü kimi 30 yox, 15 faiz olardı.

- İlham Əliyev bildirdi ki, 1 manat 1 dollar olmalıdır. Sizcə, bu mesaj idi ki, məzənnə bu həddi ötməyəcək?

- Bu fikirdən belə başa düşürəm ki, prezident məzənnənin bu səviyyədə qalmasını istəyir. Bu isə kəskin devalvasiyanı istisna edir. Prezidentin bu çıxışı Mərkəzi Bankın siyasətinə nə dərəcədə təsir edəcək? Bunu da müəyyənləşdirə bilmirəm ki, bu təklif idi, ya sözgəlişi deyilib. Təklif idisə, demək, Mərkəzi Bank bunu nəzərə alacaq, yox, sözgəlişi deyilibsə, əvvəlki proqnozlarımız özünü doğruldacaq, neft qiyməti indiki halda qaldığı təqdirdə devalvasiya davam edəcək.

- Samir bəy, devalvasiyadan sonra idxal məhsullarında qiymət artımı baş verməli idi, amma inzibati üsullarla bunun qarşısı alındı. Sahibkarlar isə belə vəziyyəti idxalın, hətta idxal xammalına söykənən yerli istehsalın azalmasına təsir edəcəyini deyirlər. Sizcə, inzibati üsullarla qiymət artımının qarşısını nə qədər almaq olacaq?

- Hökumətin devalvasiyadan sonra süni şəkildə qiymət artımının qarşısını aldı. Bəlkə də qısa müddət üçün bu, işə yaradı. Manatın 34 faiz ucuzlaşmasına baxmayaraq, elə məhsullar vardı ki, 50, hətta 100 faiz balandırılmışdı. Sosial prizmadan bunu anlayıram, mən də vətəndaşam, qiymətin bahalaşmasını istəmirəm. Amma məsələyə ekspert kimi yanaşanda, deyə bilərəm ki, qiymətləri inzibati üsullarla uzun müddət bu səviyyədə saxlamaq mümkün olmayacaq. Bizə bir çox ərzaq məhsulu, məişət texnikası, mebel xaricdən gətirilir. O cümlədən, yerli istehsalın xammalı da idxaldır. Qiymət artımı labüddür və hətta artıq bəzi məhsullarda qiymət artır da. Sadəcə, görünür, diqqət cəlb etməmək üçün bunu tədricən aparmaq niyyətindədirlər. Heç kimi qınamaq fikrində deyiləm. Hökumət manatın devalvasiyasının mənfi təsirlərinin hiss olunmasını istəmirsə, idxalda monopoliyanı aradan qaldırmalı, rəqabət yaratmalıdır.

- Manat 2005-ci ildəki məzənnəsinə qaytarılıb. Bəs həmin vaxt manatın alıcılıq qabiliyyəti necə idi?

- Əlbəttə, həmin vaxt manatın alıcılıq qabiliyyəti indikindən xeyli yüksək idi. Müxtəlif məhsul qruplarında qiymət indikindən qat-qat ucuz idi. 2005-ci illə 2015-ci ili iqtisadi, əhalinin pula əlçatanlığı baxımdan da müqayisə etmək olmaz. İndi pula əlçatanlıq var, ancaq hər şeyin də qiyməti 2005-ci illə müqayisədə yüksəkdir.

XS
SM
MD
LG