Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:44

Mərkəzi Bank dövrü bitir


Mərkəzi Bank
Mərkəzi Bank

-

Mərkəzi Bankın hüquqi statusu dəyişdirilir. Bank bundan sonra dövlət qurumu yox, publik hüquqi şəxs hesab olunacaq.

Milli Məclis bununla bağlı «Mərkəzi Bank haqqında» Qanuna dəyişikliklər edəcək. Dəyişikliklər martın 3-də İqtisadi siyasət, sənaye və sahibkarlıq ilə Hüquq siyasəti komitələrinin birgə toplantısında qəbul edilərək parlamentin müzakirəsinə göndərilib.

Parlamentin saytında da açıqlanmış dəyişikliklər layihəsində Mərkəzi Bankın hüquqi durumunun ciddi şəkildə dəyişdiyi görünür.

LİSENZİYALAŞDIRMA, TƏNZİMLƏMƏ VƏ NƏZARƏT FUNKSİYALARINI İTİRİR

Qanundakı dövlət qurumu üçün səciyyəvi olan ifadələr yenilənir. Publik hüquqi şəxslər üçün uyğun ifadələrlə dəyişdirilir.

Ən diqqətçəkən dəyişiklik Mərkəzi Bankın vəzifə və səlahiyyətləri ilə bağlıdır. Mərkəzi Bank daha bank fəaliyyətinin lisenziyalaşdırılması ilə məşğul olmayacaq. Qanuna ediləcək dəyişikliklə onun lisenziyalaşdırma, tənzimləmə və bank fəaliyyətinə nəzarətin həyata keçirilməsi funksiyası əlindən alınacaq.

Mərkəzi Bankın İdarə Heyəti səlahiyyətlərinin önəmli hissəsini itirmiş olacaq. Hazırda qüvvədə olan qanuna görə, Mərkəzi Bankın İdarə Heyəti kredit təşkilatlarına bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyalar verə və onu ləğv edə bilər. Üstəlik, iqtisadi normativləri müəyyənləşdirə, banklara müvəqqəti inzibatçı təyin edə və bu sistemdə xarici kapitalın iştirak limitini müəyyənləşdirə bilərdi.

Dəyişikliklərdən sonra Mərkəzi Bankın İdarə Heyəti bütün bu səlahiyyətləri ilə vidalaşmalı olacaq.

KREDİTLƏŞMƏDƏ ƏSAS SƏLAHİYYƏT SAHİBİ...

Dəyişikliklərə görə, Mərkəzi Bank özünün müəyyən etdiyi qaydalar əsasında kreditləşdirmə həyata keçirə bilməyəcək. Kreditlərin verilməsi proseduru daha çox maliyyə bazarlarına nəzarət qurumunun (Maliyyə Bazarlarına Nəzarət Palatası-red.) əlində olacaq. Həmin qurum 6 aydan artıq olmayan müddətə kreditlərin verilməsi üçün Mərkəzi Banka müraciət edəcək. Mərkəzi Bank həmin müraciət əsasında iki bank günü ərzində kreditlərin verilib-verilməməsi barədə uyğun qərar qəbul edəcək.

Mərkəzi Bankın hüquqi durumunun dəyişdirilməsi gözlənilən idi. Hələ bir ay əvvəl Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev Mərkəzi Bankın statusunun qeyri-müəyyənliyini tənqid etmişdi.

Ş.Əliyev demişdi ki, Mərkəzi Bank digər banklar kimi maliyyə bazarının bir oyunçusudur. Oyun eyni məkanda keçirilirsə, bir oyunçu digər oyunçular üçün qaydalar qəbul edə, onların fəaliyyətini tənzimləyə bilməz. Bu tip qurumlar publik hüquqi şəxs olmalıdır.

XS
SM
MD
LG