Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:40

Məmməd İbrahim 4 aylıq həbs edilib  


Məmməd İbrahim, 13 evral 2019
Məmməd İbrahim, 13 evral 2019

İyulun 28-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə Azadlıq Radiosuna müdafiə tərəfindən məlumat verilib.

Məlumata görə, Məmməd İbrahim Cinayət Məcəlləsinin 186.2.1 (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 233 (ictimai qaydanın pozulması) və 315 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrini pozmaqda təqsirləndirilir.

Ona habelə 278.1-ci maddə (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) üzrə də günahlandırıldığı bildirilir.

Onun mənsub olduğu partiya - AXCP ittihamları qəbul etmir

***

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulması) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham verildiyi bildirilir.

Ona qarşı əlavə olaraq Cinayət Məcəlləsinin 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər) maddələri üzrə də ittiham irəli sürüldüyü deyilir.

+++

Bu gün, iyulun 28-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin və oğlu Mehdi İbrahimin (hər ikisi həbsdədir) yaşadıqları evdə axtarış aparılıb.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən bildiriblər.

Amma, hələlik, məsələ ilə bağlı detallar açıqlanmır.

Axtarışla bağlı deyilənləri rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Əlavə iki cəbhəçinin də saxlandığı bildirilir

İyulun 28-də daha iki AXCP üzvü - Yaşar KərimovEmin Farxadovun da saxlandığı deyilir.

Bu barədə məlumatı da AzadlıqRadiosuna AXCP-dən veriblər.

Məlumata görə, partiya üzvləri səhər saatlarında saxlanaraq naməlum istiqamətə aparılıb.

Bu məlumatı da, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Məmməd İbrahimdən xəbər var

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulması) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham verildiyi bildirilir.

Bu barədə məlumatı onun vəkili Əshabəli Mustafayev verib.

Amma bu məlumatı, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

AXCP üzvünün 30 sutka həbs edildiyi bildirilir

AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimlə eyni gündə, iyulun 26-da saxlandığı açıqlanan bu partiyanın fəalı Elnur Yusubovun isə inzibati qaydada həbs edildiyi deyilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, E.Yusubov İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə günahlandırılaraq Xətai Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs edilib.

Həmin gün, iyulun 26-da saxlandığı açıqlanan başqa bir cəbhəçi Sarvan Cumayev barəsində isə, hələlik, hər hansı bilgi verilmir.

Həm onun taleyinə, həm də E.Yusubovun 30 sutka inzibati həbs alması ilə bağlı AXCP-dən verilən açıqlamaya rəsmi qurumlardan, hələlik, aydınlıq gətirmək mümkün olmayıb.

Məmməd İbrahimin də saxlandığı deyilir

Bu gün, iyulun 26-da saat 12 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim-in saxlandığı bildirilir. Bu barədə Azadlıq Radiosuna onun oğlu Turan İbrahim danışıb.

Gəncin qeyd etməsinə görə, atası bir neçə gün əvvəl həbs olunan qardaşı Mehdi İbrahimə yemək apararkən saxlanıb. Turan İbrahim əlavə edib ki, atasının Bakı Baş Polis İdarəsinə aparıldığını ehtimal edir:

“Çünki atamı saxlayan mülki formalı şəxslər özlərini Bakı Baş Polis İdarəsinin əməkdaşı kimi təqdim ediblər. Bundan əlavə məlumat yoxdur”.

Bu gün, iyulun 26-də AXCP Sabunçu rayon təşkilatının üzvü Elnur Yusifov və Suraxanı şöbəsinin üzvü Sarvan Cumayevin də saxlandığı deyilir. Bu barədə məlumat yayan AXCP üzvülərinin vurğulamasına görə, onlar barəsində də əlavə informasiya almaq mümkün olmayıb. Amma bu məlumatları, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. Məmməd İbrahimin oğlu Mehdi İbrahim Cinayət Məcəlləsinin (CM) 139-1.1-ci (antiepidemiya, sanitariya-gigiyena və karantin rejiminin pozulması, xəstəliyin yayılmasına səbəb olduqda və ya buna təhlükə yaratdıqda) maddəsi ilə ittiham olunub.

Onun barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Mehdi İbrahimin iyulun 22-də Penitensiar Xidmətin vərəm xəstələri üçün ixtisaslaşdırılmış 3 saylı müəssisəsinə (tubzon) köçürüldüyü deyilir. İstintaqın iddiasına görə, Mehdi İbrahim koronavirusa yoluxduğuna görə, ev karantində olub, lakin qaydaları pozaraq evdən çıxıb. Atası isə buqeydedilənləri yalanlamışdı.Məmməd İbrahimin bir qədər öncə deməsin görə,oğlu iyulun 14-də keçirilən orduya dəstək aksiyasında saxlanıb.O,oğluna ittihamin onun siyasi fəaliyyəti ilə bağlı quraşdırıldığını açıqlamışdı.

Məmməd İbrahim kimdir?

Məmməd İbrahim bundan əvvəl 3 ildən çox həbsdə olub. O, ötən il fevralın 13-də azadlığa buraxılıb. Bakı Apellyasiya Məhkəməsi Məmməd İbrahim barəsində Suraxanı Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il hökmündən verilən şikayətə baxıb:

“ Məmməd İbrahimə verilmiş 5 ay 22 gün azadlıqdan məhrumetmə cəzası azaldılaraq faktiki həbsdə yatdığı müddətlə əvəzləndi və o, həbsdən azad olundu.”,onda vəkili demişdi.

Məmməd İbrahim 2015-ci ilin sentyabrında həbs edilmişdi. O, AXCP-dən ayrılmış Mikayıl Quliyevi və daha iki nəfəri döyməkdə ittiham olunurdu. 2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsi onu 3 il azadlıqdan məhrum etmişdi. 2018-ci il sentyabrın son günlərində, 3 illik həbs cəzasının başa çatmasına bir neçə gün qalmış 16 saylı Cəzaçəkmə Müəssisəsində Məmməd İbrahimin yastığının altından bıçaq tapıldığı bəyan olumuşdu. 2017-cu il yanvarın 10-u Suraxanı Rayon Məhkəməsi Məmməd İbrahimi cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlanmasında təqsirli bilərək əlavə 5 ay 22 gün müddətinə azadlıqdan məhrum etmişdi.

Xatırlatma

Bu il iyulun 14-də Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında deyilir ki, iyulun 14-dən 15-nə keçən gecə baş verənlər nəticəsində 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Rəsmi açıqlamaya görə, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb. Daha 13 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulduğu qeyd edilir.

Cinayət Məcəlləsinin 220 (kütləvi iğtişaşların təşkili) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələrilə cinayət işi başlanıb. Həbs olunan şəxslərin sayı barədə isə rəsmi məlumat yoxdur. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Amma rəsmi qurumlar bu hadisələr zamanı konkret nə qədər şəxsin saxlandığını açıqlamayıblar.

"Müdafiə xətti" adlı hüquq-müdafiə təşkilatının bildirməsinə görə, həmin hadisələrlə əlaqədar 30 civarında şəxs istintaqa cəlb edilib. Məlumata görə, həbs olunan şəxslərin10 nəfərdən çoxu AXCP üzvləridir. AXCP-dən verilən məlumata görə, onların daha bir çox üzvləri bu günlər saxlanaraq karantin qaydasını pozmağa görə, inzibati qaydada həbs edilib.Bəzi üzvülərinin isə saxlanıb buraxıldığı deyilir. AXCP ittihamların yalan olduğunu, həmin əməlləri törədənlər arasında cəbhəçilərin olmadığını bəyan edib. AXCP sədri Əli Kərimli bildirib ki, bu həbslər partiyaya qarşı repressiyadır.

XS
SM
MD
LG