Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:33

Pandemiyanın necə başladığı ‘araşdırılmalıdır’ – Qərb mediası


Çində 1 may Əmək günündə musiqi festivalı keçirilib
Çində 1 may Əmək günündə musiqi festivalı keçirilib

Ötən cümə günü bir qrup alim açıq məktubda virusun “bütün mümkün mənşələrinin tam elmi və ekspertiza tədqiqatını aparmağa” çağırır

Koronavirus pandemiyası dünyada 3 milyon 200 mindən çox insanın həyatına son qoyub. “The Washington Post” qəzeti yazır ki, pandemiyanın necə başladığı bəlli deyil və onun mənşəyini tapmağı hədəfləyən ilk cəhd boşa çıxdı. “Bir neçə həftəyə Dünya Səhiyyə Təşkilatı (DST) və üzv ölkələr pandemiyanın necə və harada başlaması üzrə etibarlı tədqiqata başlamalıdırlar”, – qəzetin redaksiya heyəti rəyində yazır.

DST-yə tövsiyələr hazırlanır

DST-nin Çinlə birgə araşdırması belə bir qənaətə gəldi ki, koronavirus heyvanlardan insanlara birbaşa, yaxud dolayısı ilə keçib. Amma Çinin vilayətlərində 80 mindən çox vəhşi, ev heyvanından götürülmüş nümunələrdən bircəciyində belə virus tapılmayıb. Tədqiqat komandası virusun Vuhanda laboratoriyadan sızması versiyasına çox az ehtimal verdi. Qəzet bu versiyanın heç araşdırılmadığını qeyd edir. Axı, Vuhan Virusologiya İnstitutunun yarasa koronavirusları üzərində riskli eksperimentlər apardığı bəllidir. Çin də virusun laboratoriyadan sızması versiyasını cidd-cəhdlə rədd edir.

Ötən cümə günü bir qrup alim açıq məktubda virusun “bütün mümkün mənşələrinin tam elmi və ekspertiza tədqiqatını aparmağa” çağırır. Məktubda sözügedən laboratoriya və onun işilə bağlı bəzi suallar da qoyulur. Alimlər indiyədək SARS-CoV-2-yə bağlı koronavirusların daha çox Çinin Yunnan vilayətindəki Mojianq şaxtasından qaynaqlandığını bildirir. 2012-ci ildə həmin yerdə altı nəfər qəribə xəstəliyə tutulub, üçü həmin şaxtada yarasa təmizləyəndən sonra ölüb.

“The Wall Street Journal” qəzeti ötən həftə yazırdı ki, Birləşmiş Ştatlar və digər ölkələr geniş ikimərhələli tədqiqat aparılması üçün DST-yə tövsiyələr yazırlar.

ABŞ niyə vaksin ixrac etmir?

“Financial Times” qəzeti ABŞ-da Covid-19 vaksinlərinə ixrac qadağası olub-olmadığını araşdırıb.

Qəzet yazır ki, vaksinlərə, yaxud onların komponentlərinə rəsmi ixrac qadağası yoxdur. Digər ölkələrdə vaksin, yaxud ona gərəkən hissələri istehsal edən şirkətlər ixracda azaddırlar. Amma Vaşinqton Müdafiə İstehsalı Aktı kimi tanınan müharibə səlahiyyətindən istifadə edərək şirkətləri kontrakt sifarişlərini vaxtından əvvəl yerinə yetirməyə məcbur edir. Nəticədə Hindistandakı Serum İnstitutu kimi istehsalçılar gileylənirlər ki, normal halda ABŞ-dan idxal edəcəkləri hissələri ala bilmirlər. ABŞ dünyada şpris və iynə ixracı üzrə liderdir.

Qəzet yazır ki, digər tərəfdən Birləşmiş Ştatlar hazırlanma prosesinin əvvəlində Oksford/ AstraZeneca vaksinlərinin böyük ehtiyatını toplayıb. Bəs niyə bu vaksinləri ixrac etmir?


Bayden administrasiyasının mövqeyi belədir ki, ölkədə xeyli ehtiyat yaranmayınca dünyanın digər yerlərinə vaksin göndərilməyəcək. Prezident Co Bayden ötən həftə Konqresdəki çıxışında deyirdi: “Amerika dünya üçün demokratiya arsenalı olduğu kimi, digər ölkələrdən ötrü vaksin arsenalına da çevriləcək… Amma ona qədər hər bir amerikalının vaksinə çıxışı olacaq”.

Qəzet qeyd edir ki, vaksin ehtiyatı artdıqca administrasiyaya onu paylaşmaqdan ötrü təzyiq olunur. Amma administrasiyada bəzilərinin fikrincə, yeni ştammlarla mübarizə, yaxud illik əlavə dozaları vurmaqdan ötrü bu dozalara gərəkə bilər.

XS
SM
MD
LG