Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:43

İctimai Palatada olanlar və olmayanlar...


Pənah Hüseyn
AzadlıqRadiosunun «İşdən sonra» proqramında İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn, Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və Ümid Partiyasının sədri İqbal Ağazadə İctimai Palatanın son qərarlarına münasibət açıqlayıblar.

P. Hüseyn bildirib ki, hazırda İctimai Palatada Ümid Partiyasının 2, ADP-nin isə 12 üzvü var. O xatırladıb ki, İctimai Palata təşkilatların deyil, partiyalılığından asılı olmayaraq sıravi vətəndaşların yaratdığı bir hərəkatdır:

«Burda partiya mənsubiyyəti, təşkilat mənsubiyyəti yoxdur. Hətta YAP-çının İctimai Palatanın üzvü olmaq haqqı tanınıb».

Ümid Partiyasının sədri İ. Ağazadə deyib ki, həmin 2 nəfər İctimai Palataya üzv olarkən Ümid Partiyasının üzvləri deyildilər, onlar İctimai Palataya qoşulduqdan sonra Ümid Partiyasının üzvü olublar.

P. Hüseyn İ. Ağazadənin İctimai Palatada niyə təmsil olunmadığına da aydınlıq gətirib. O bildirib ki, İQBAL BƏY DEPUTAT SEÇİLDİYİ ÜÇÜN MÜTLƏQ ƏKSƏRİYYƏT ONUN İCTİMAİ PALATANIN ÜZVÜ OLMASININ ƏLEYHİNƏ ÇIXIB.

ADP sədri S. Cəlaloğlu isə bunu gülünc məsələ adlandırıb. O deyib ki, Ümid Partiyasının yüzlərlə üzvünün hüququ tapdanır:

«Niyə İqbal bəyə imkan vermirsiniz ki, öz üzvlərinin hüquqlarını İctimai Palatada müdafiə etsin?»

P. Hüseyn bu suala cavabında bildirib ki, bu istisna bir haldır. Proseslər inkişaf etdikcə, bu cür istisna hallar da məsələnin ümumi axarında həll edilib, çözülə bilər.

Söhbət İctimai Palatanın keçirəcəyi 2 aprel mitinqindən düşdükdə, İqbal bəy deyib ki, bu mitinqi onlar deyil, İctimai Palata təşkil edib:

İqbal Ağazadə
«2 aprel mitinqi ilə bağlı bizə müraciət etsələr, biz müzakirə edərik. Biz əlbəttə ki, müxalifətin ümumi prosesdə birgə iştirakının tərəfdarıyıq. Hesab edirəm ki, müraciət etsələr, müsbət reaksiyamız olar».

P. Hüseyn isə bildirib ki, bu mitinqdə Ümid Partiyasının, ADP-nin İctimai Palatada təmsil olunan üzvləri də iştirak edəcəklər.

ADP sədri S. Cəlaloğlu isə deyib ki, o, şəxsən bu mitinqdə iştirak etməyəcək. ADP üzvləri üçün isə partiya tərəfindən məhdudiyyət yoxdur:

«İndiki halda mitinq taktikası harada meydana çıxıb? BU MİTİNQLƏR NƏ DƏRƏCƏDƏ EFFEKTLİDİR? Nə dərəcədə bizim məqsədlərə xidmət edə bilər? Bu suallar mənim üçün qaranlıq qalır, mən özüm şəxsən iştirak etməyəcəyəm. Bizim partiyanın üzvləri öz hüquq və azadlıqlarından partiyanın qərarından asılı olmayaraq istədikləri vaxt istifadə edə bilərlər. Buna partiya məsuliyyət daşımır».

İctimai Palatanın funksiyalarına toxunan P. Hüseyn deyib ki, bu, bir vətəndaş hərəkatıdır.

S. Cəlaloğlu isə bildirib ki, o, politoloji baxımdan İctimai Palatanın nədən ibarət olduğunu indiyə qədər müəyyənləşdirə bilməyib. O deyir ki, bu qurum yaradılanda, əvvəlcə məqsəd alternativ parlament yaratmaq idi. İndi isə bunlar siyasi təşkilat kimi mitinq edir. Onun fikrincə, bu, hərəkat deyil, bir təşkilatdır.

İ. Ağazadə də bildirib ki, əslində İctimai Palata vətəndaş hərəkatı deyil:

«İctimai Palatanı siyasi partiyalar yaratdı. Koordinasiya Şurasının ilkin tərkibi də siyasi partiyalardan formalaşdı...»

Sərdar Cəlaloğlu
İ. Ağazadə deyib ki, İCTİMAİ PALATA NƏ İSTƏDİYİNİ SONA QƏDƏR BİLƏN, TAKTİKA VƏ STRATEGİYASI TAM ŞƏKİLDƏ BƏLLİ OLAN BİR QURUM OLMALIDIR. O, bu qurumun taktikasını da bəyənmədiyini bildirib:

«Müxalifətin taktikası daha çox təsir taktikası olmalıdır. Əzələ nümayişini kənara qoyub, hakimiyyəti daha çox islahatlara məcbur etməli idi».

Ümid Partiyası sədrinin fikrincə, hələ mitinqlərin vaxtı deyil.

S. Cəlaloğlu da mitinq vaxtının hələ yetişmədiyi qənaətindədir:

«Yaxın Şərqdə baş verənlər Azərbaycan əhalisi arasında müəyyən ümidlər, emosiyalar doğurub. Amma biz ölkədə siyasi inkişafa nail olmaq üçün 3 mühüm vəzifəni yerinə yetirməliyik. Ölkədə siyasi vəziyyətin dəyişdirilməsinə beynəlxalq ictimaiyyəti inandırmalıyıq. Beynəlxalq dəstək olmalıdır. Azərbaycanda siyasi dəyişiklər istəyənlər, hətta nazirlər də bu hərəkata qoşulmalıdır. Biz xalqı bu mübarizəyə hazırlamalıyıq».

S. Cəlaloğlu özünün İctimai Palataya qoşulmamasına da aydınlıq gətirib. O deyib ki, İctimai Palata daxilində avantüra çoxdur. Orada sağlam ideya keçməyəcək.

Pənah Hüseyn isə deyib ki, opponentlərinin dedikləri iqtidarın apardığı təbliğata oxşayır və bunu onlar üçün eyib hesab edir.

XS
SM
MD
LG