Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:56

Bakıda İranla bağlı nələrdən danışılıb...


ABŞ-ın İran üzrə xüsusi nümayəndəsinin müavini Bakıda danışıqlar aparıb
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsinin müavini Bakıda danışıqlar aparıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) İran üzrə xüsusi nümayəndəsinin müavini Abram Peyli (Abram Paley) Cənubi Qafqaz paytaxtlarında səfərdə olub.

"Cənubi Qafqaza konstruktiv bir səfər idi. İran rejimini, sanksiyaları, bu rejimin sabitliyi pozan hərəkətlərinin aradan qaldırılması səylərini müzakirə etmək üçün yüksək vəzifəli rəsmilər və özəl sektorun nümayəndələri ilə görüşdüm", - o, X hesabında yazır.

ABŞ rəsmisi Bakıda prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə görüşüb.

Səfərlə bağlı Azərbaycanın rəsmi qurumlarından hər hansı açıqlama olmayıb. A.Peylinin açıqlamasına, hələlik, İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Hazırda İran-ABŞ münasibətlərində gərginlik qalmaqdadır. Belə bir vaxtda Vaşinqton-Bakı əməkdaşlığında hansı məsələlər yer ala bilər?

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

"Azərbaycan müstəqilliyinin möhkəmlətməsi yönündə..."

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Hikmət Babaoğlu "Turan"a bildirib ki, ABŞ-İran münasibətlərinin pisləşməsi, yaxud yaxşılaşması həmişə nisbi xarakter daşıyır: "Bu iki ölkə münasibətlərinin müəyyən limiti var, ondan artıq pisləşə və ondan artıq da yaxşılaşa bilməz. Bu onunla bağlıdır ki, dünya siyasətini təyin edən güc mərkəzlərindən biri kimi, ABŞ İranı digər region ölkələri ilə tarazlaşdırıcı vasitə kimi görür. Ona görə də Vaşinqtonun Tehrana qarşı mütləq şəkildə qəti addım atması və ya münasibətlərin yaxşılaşması üçün qərar verməsi də gözlənilən deyil".

O əlavə edib ki, Azərbaycan İrana həmişə dost münasibət bəsləyib: "Amma regionda yaranmış yeni reallıqlar kontekstində bir sıra layihələrlə bağlı Tehranın mövqeyi arzuolunandan daha sərt və radikal olub, hələ mən çox yumşaq deyirəm. Nəticədə İranın yeni iddiaları ortaya çıxıb. Bu isə region ölkələrinin milli maraqları və müstəqilliyi baxımından o qədər də arzuolunan deyil. Bu baxımdan, ABŞ rəsmisinin hər üç Qafqaz ölkəsinə səfəri regionda Rusiyanın zəifləməsi kontekstində İranın regiona iddiası ilə bağlı ola bilər. Azərbaycan da öz müstəqilliyini möhkəmlətməsi yönündə ABŞ-la əməkdaşlığı dərinləşdirə bilər".

Arif Məmmədov
Arif Məmmədov

"Səfər... İsraillə İran arasında gərginliklə bağlıdır"

Azərbaycanın Avropa İttifaqı yanındakı Daimi Nümayəndəliyinin sabiq başçısı Arif Məmmədov isə AzadlıqRadiosuna deyib ki, bu səfər regionda mövcud vəziyyət və xüsusən də İsraillə İran arasında pik həddinə çatan gərginliklə bağlıdır. A.Məmmədovun sözlərinə görə, İsrailin İranın Dəməşqdəki konsulluğuna raket hücumları nəticəsində 11 iranlı zabitin, o cümlədən general Məhəmməd Rza Zahidinin həlak olması regionda böyük gərginlik yaradıb. Onun fikrincə, İran bu zərbələri cavabsız qoymayacaq.

Bəs, Azərbaycan-ABŞ əməkdaşlığında tərəflərin istəkləri nə ola bilər və İran bölgəyə nə kimi təhdidlər yaradır?

"İranın regionu məzhəb ideologiyasının təsirinə salmaq istəyi..."

H.Babaoğlu deyir ki, əslində ABŞ öz hegemonluğunu Cənubi Qafqazda qurmaq niyyətindədir. Onun vurğulamasına görə, Azərbaycan isə türk dövlətləri ilə birgə regionda güc mərkəzlərindən birinə çevrilməkdir: "Bu məsələdə mənafelər o qədər də yaxın, həm də uyğun deyil. Amma bütün hallarda zidd qütblərdəki mövqeləri uyğunlaşdırmaq üçün yaxınlaşdırmaq lazımdır, Azərbaycan da ABŞ-dən bunu istəyir, elə Vaşinqton da Bakıdan bunu istəyir".

Onun sözlərinə görə, İranın da regionu özünün məzhəb ideologiyasının təsirinə salmaq istəyi bir o qədər aktualdır.

Biləsuvarda İran radioları Azərbaycan dilində təbliğat aparır
Gözlə

No media source currently available

0:00 0:08:27 0:00

Keçmiş diplomat A.Məmmədov isə düşünür ki, rəsmi Bakı mövcud gərginliyin artmasında və, ümumiyyətlə, bu məsələlərdə hər hansı rol oynamaqda maraqlı deyil: "Ona görə də Abram Peyli ilə prezident, ya digər yüksək vəzifəli şəxslər, güc strukturların rəhbərləri deyil, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Samir Şərifov görüşüblər. Bu şəxslərin vəzifəsi daha çox görüşdə qeydlərin edilməsi və rəhbərliyə çatdırılmasından ibarətdir. Təbii ki, Rusiya-Ukrayna müharibəsi fonunda, habelə ABŞ-də prezident seçkiləri ərəfəsində ABŞ administrasiyası regionda yeni münaqişə və ya böyük müharibənin başlanmasında maraqlı deyil".

"Azərbaycanın bu məsələdə riskləri nədir" sualına gəlincə, H.Babaoğlu deyib ki, prezident İlham Əliyev andiçmə mərasimində riskləri iki kateqoriyaya bölüb: "Ölkə başçısı milli təhlükəsizliyimizə qarşı fiziki və ideoloji risklərin olduğunu dedi. Fiziki təhdidlər o qədər aktual olmaya bilər. Amma ideoloji təhdidlər hazırda daha təhlükəlidir. Güclü orduya sahib olmağımız fiziki təhdidlərin qarşısını ala bilər. İdeoloji təhdidlər məsələsində isə Azərbaycan cənubdan məzhəb təhdidləri ilə üzləşir. İkincisi, Qərbdən universal dəyərlərin eybəcərləşdirilmiş formada təbliğatı gedir".

"Azərbaycan rəhbərliyi neytral mövqe tutacaq"

A.Məmmədov isə hesab edir ki, Pentaqon sözçüsünün ABŞ-nin İranın diplomatik missiyasına zərbə endirməsində iştirak etməməsi və İsrailin onlara zərbələr barədə məlumat verməməsi bəyanatı onların bunu dəstəkləmədiyinin göstəricisidir: "Görünən odur ki, Amerika administrasiyası ilə İsrailin baş naziri Benyamin Netanyahu kabineti arasında anlaşılmazlıqlar getdikcə dərinləşir. İran bölgənin ciddi ölkəsidir, "Şimal-Cənub" dəhlizində önəmli rol oynayır və Azərbaycanın bütün addımlarını çox diqqətlə izləyir. İranda sabitliyin pozulması Azərbaycan üçün müxtəlif istiqamətlərdə ciddi problemlər yarada bilər. Düşünürəm ki, yaranan vəziyyətdə Azərbaycan rəhbərliyi maksimal olaraq neytral mövqe tutacaq".

XS
SM
MD
LG