Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:35

Hökumətdən vəd: “Uyğun qiymətə mənzillər” olacaq


►Martın 16-da təsdiqlənən yeni strategiyadan bu nəticə çıxır

Prezident İlham Əliyevin martın 16-da təsdiqlədiyi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” sənədində mənzil təminatına da toxunulur. Sənəddə elan edilən 2 əsas sosial sektordan biri “uyğun qiymətə mənzillər”dir.

“Xalq evləri”ndən xəbər yoxdur

“Uyğun qiymətə mənzil” deyərkən, söhbət sosial mənzillərdən gedir.

Hökumətin indiyədək də belə cəhdləri olub. 2008-ci ildə qəbul edilən Mənzil Məcəlləsinə əsasən, Azərbaycanda sosial mənzil fondunun yaradılması və dövlət sosial mənzillərinin inşası nəzərdə tutulurdu.

Mediada fondun yaradılması ilə bağlı layihənin hökumətə təqdim olunduğuna dair məlumat da verilmişdi.

Belə fondlar yalnız gəlişmiş və irəliləməkdə olan ölkələrdə, o sıradan Türkyədə deyil, bir sıra MDB dövlətlərində, eləcə də Rusiyada fəaliyyət göstərir. Sözügedən fond vətəndaşlara yüngül şərtlərlə mənzil sahibi olmaq imkanı verir.

2014-cü ilin yayında millət vəkili Hadı Rəcəbli Milli Məclisdə sosial yönümlü “xalq evləri”nin tikintisi ilə bağlı müzakirələr aparıldığını da bildirmişdi.

Onun sözlərinə görə, evi olmayan gənclər ayda 60 manat ödəməklə 60 kvadratmetrlik mənzil ala biləcəkdilər. Hələlik, ortada heç bir nəticə yoxdur. Sual doğur: İndiyədək deyilən və vəd olunanlar sonuc verməyibsə, “uyğun qiyməyə mənzil” istəyi baş tutacaqmı?

Əmlak məsələləri ekspert Rəşad Əliyev deyir ki, mənzil problemi bütün dünyada əsas problemlərdən biridir:

“Ümumilikdə götürəndə bütün ölkələrdə sosial siyasətin əsas istiqamətlərindən biri vətəndaşların mənzillə təminatıdır. Burda söhbət geniş kütlə üçün mənzilin əlçatanlığından gedir”.

“Qiymətin uyğunluğu deyərkən...”

Ekspert “mənzilin əlçatanlığının” kompleks tədbirlər çərçivəsində təmin edildiyini söyləyir:

“İlk tədbirlər mənzillərin qiymət baxımından uyğunluğuna yönəldilir. Qiymətin uyğunluğu deyərkən, mənzilin qiymətinin geniş əhali kütləsinin gəlirlərinə uyğunluğu nəzərdə tutulur. Mənzilin alınması üçün maliyyə mənbələrinin əlçatanlığını təmin edən tədbirlər 2-ci qrup tədbirlərdir. Yəni azgəlirli insanlar illərlə pul toplamaqla evsiz qalmasın və ipoteka krediti ilə mənzil alaraq, pulunu tədricən ödəsin”.

R.Əliyevin fikrincə, sənəddə nəzərdə tutulan “uyğun qiymət”i təmin etmək üçün bazar alətlərindən və inzibati üsullardan yararlanmaq olar:

“Tikilən binalardan “uyğun qiymətə” mənzil almaq istəyiriksə, gərək həmin mənzilin maya dəyəri də “uyğun qiymətə” başa qəlsin. Bundan ötrü maya dəyərini əsassız yüksəldən amillər aradan qaldırılmalıdır. Üstəlik, tikinti sektorunda əlavə islahat tədbirləri həyata keçirilməlidir”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Ən başlıca məsələ...”

Ekspert vacib saydığı bir məqama da diqqət çəkir:

“Mənzilin ucuz olması o demək deyil ki, onu almağa hamının gücü çatacaq. Ucuz mənzil bizə nə verir? Məsələn, əvvəllər ev almaq üçün, tutalım, 15 il pul toplayırdıqsa, indi 12 il pul yığmamız çox az şeyi dəyişir. Ən başlıca məsələ aşağı faizli maliyyə mənbələrinə, yəni kreditlərə çıxışın təmin edilməsidir. Bu, ən başlıca məsələdir”.

İqtisadçı ekspert Rəşad Həsənov da mənzil təminatının gücləndirilməsini sosial rifahın mühüm yüksəliş göstəricilərindən biri sayır:

“Yol xəritəsi bu məsələni bir daha diqqət mərkəzinə gətirir. Bu fəaliyyət istiqamətinə qaçqın və məcburi köckünlər, əlillər və s. sosial qruplar üçün tikilən mənzillər, ipoteka proqramı və gələcəkdə, ola bilsin, sosial mənzil layihələri daxil olacaq. Ümumilikdə isə bu istiqamətdə görülən işlərin intensivləşdirilməsinə və eyni zamanda daha praktik təşkilinə ehtiyac var. Yeni situasiya daha effektiv sosial siyasətin icrasını zərurətə çevirir. Bu, nəticələri müsbətə doğru dəyişə bilər”.

Sosial layihələrə məmur əngəli

R. Həsənov indiyədək sosial mənzil layihələrinin nədən gerçəkləşməməsi məsələsinə də toxunub:

“Bunun əsas səbəbi məmur biznesidir. Tikinti layihələri, əsasən, bəzi məmurların nəzarətindədir. Bu da sosial xarakterli layihələrin qarşısında əsas əngəllərdən sayılır. Axı yüksək tələbat bütün hallarda tikinti sektoruna yüksək mənfəət gətirirdi”.

Buna da bax: Qarabağ əlili: "Gömrük rəisi məni iş otağında döydü"

Qarabağ əlili: "Gömrük rəisi məni iş otağında döydü"
Gözlə

No media source currently available

0:00 0:04:07 0:00

XS
SM
MD
LG